“Bakı Metropoliteni”nin inkişaf planı təsdiqləndi

“Bakı Metropoliteni”nin inkişaf planı təsdiqləndi
14:00 08-11-2019 | icon 33

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin perspektiv inkişaf planını təsdiqləyib. 

milletinsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib. 

Onun sözlərinə görə, plana əsasən, ilkin mərhələdə bu stansiyaların sayı 76-ya çatdırılacaq:

“Şəhərimizdə yerləşən bütün ərazilərdə vətəndaşların metropolitendən istifadə etməsi üçün stansiyaların tikilməsi nəzərdə tutulub. Bildiyiniz kimi, Bakı şəhərinin baş planı hazırlanır. Həmin Baş plana əsasən, paytaxtın bütün ərazilərinin metro stansiyaları ilə təmin edilməsi məqsədilə stansiyaların genişləndirilməsi və sayının çoxaldılması məsələsinə baxılır”. 

“Bakı Metropoliten”i QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib ki, şərti adı “B3” olan stansiyanın tikintisi, demək olar ki, başa çatdırılır. 

O bildirib ki, hazırda həmin stansiyada son tamamlanma işləri gedir:

“Stansiyanın açılışı üzrlü səbəblərdən gələn il üçün nəzərdə tutulub”. 

Ə.Osmanovun sözlərinə görə, metronun “Bənövşəyi” xətti 12 stansiya və bir depodan ibarətdir:

“Bu xəttin üç stansiyasının tikintisi, demək olar ki, yekunlaşdırılıb və hazırdır. Şərti adı “B4” olan dördüncü stansiyasının tikintisi, eləcə də, Xocahəsən deposunun tikintisi davam etdirilir. Sxemə uyğun olaraq “Bənövşəyi” xətti sistem üzrə Qaraçuxur qəsəbəsinə qədər çatdırmağı planlaşdırırıq”.

“Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov yeni tikilən stansiyalara adların verilməsi ilə bağlı məsələyə də münasibət bildirib. 

Onun sözlərinə görə, metrostansiyalarının adları Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Adqoyma Komissiyası tərəfindən seçilir: "Metropoliten yeni stansiyaların adı ilə bağlı qərar yox, təklif verə bilər. Onu da qeyd edim ki, metropoliten də yeni stansiyaların adları ilə bağlı bir sıra təkliflər irəli sürür. Buna baxmayaraq, yekun qərarı Nazirlər Kabinətində fəaliyyət göstərən komissiya təsdiq edir”.

Qeyd edək ki, şərti adı “B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.