Vilayət Eyvazov açılışda iştirak edib bir qrup DİN əməkdaşını mükafatlandırdı - FOTO

Vilayət Eyvazov açılışda iştirak edib bir qrup DİN əməkdaşını mükafatlandırdı - FOTO
22:05 12-10-2019 | icon 33

Oktyabrın 12-də Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində aparılmış əsaslı təmir-tikinti və yenidənqurma işlərinin təqdimatına həsr olunmuş mərasim keçirilib.  

DİN-dən milletinsesi.info-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər naziri,  general-polkovnik Vilayət Eyvazov iştirak edib. 

Məktəbin rəisi, polis polkovniki Mirzeynalabdin Seyidov nazirə şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.  

Sonra DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov bu təhsil ocağında aparılmış əsaslı təmir, yenidənqurma işləri barədə ətraflı məlumat verib.  

Bildirilib ki, ümumi sahəsi 2,7 hektar olan ərazidə yerləşən bütün infrastrukturda – inzibati və yataqxana binalarında, tədris korpusunda, Nəzarət-buraxılış məntəqəsində əsaslı təmir aparılıb, təlim yeri, tir, yeni anbar və qapalı avtomobil boksları, mini futbol, voleybol meydançaları, sanitar qovşaqlar və digər yardımçı sahələr tikilib. 

Nazir əsaslı təmir olunmuş yataqxanaya, tədris korpusuna, yeni istifadəyə verilmiş yeməkxana kompleksinə, tibb məntəqəsinə, idman meydançalarına və digər inşa edilmiş yardımçı sahələrə baxıb, burada gənc polis əməkdaşlarının normal yaşamaları və təhsil almaları üçün yaradılmış şəraitlə yaxından tanış olub, görülmüş işləri yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini  verib. 

Tədbirin yekununda Daxili İşlər naziri V.Eyvazov inzibati binanın akt zalında Məktəbin rəhbər və komandir heyəti ilə əməliyyat müşavirəsi keçirib. 

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin DİO-nun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin rifah halının daha da yaxşılaşmasına hər zaman xüsusi qayğı göstərdiyini xatırladıb, bu ali diqqətin nəticəsində son illər Daxili İşlər Nazirliyinin orqan və hissələri, o cümlədən Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəb üçün ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı binaların, korpusların tikildiyini, onların zəruri texniki və xüsusi vasitələrlə təmin olunduğunu, nəticədə iş, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşdığnı, hazırki təqdimatın da bunun əyani təzahürü olduğunu qeyd edib.  

Nazir bu gün daxili işlər orqanlarının sıralarında yüksək intellektə, geniş dünyagörüşə və biliyə malik gənclərin uğurla xidmət etdiyini məmnunluqla vurğulayıb, onların ən yaxşı ənənələri davam etdirəcəklərinə, bu təhsil ocağında  alacaqları bilik və vərdişlərin cinayətkarlıqla mübarizədə uğurla tətbiq eəcəklərinə əminliyini bildirib.  

Daxili işlər orqanları qarşısında duran əsas vəzifənin xalqın əmin-amanlığı, dövlətçiliyin, insan və vətəndaş hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanmaq olduğunu nəzərə çatdıran general-polkovnik V.Eyvazov, polisin digər hüquq-mühafizə orqanları ilə birlikdə son illər qazandığı uğurların təməlinin hələ ötən əsrin 90-cı illərinin ortalarında qoyulduğunu, sonrakı mərhələdə bu işin davam və inkişaf etdirildiyini, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyini xüsusilə vurğulayıb.  

Nazir Məktəbin rəhbər və komandir heyətinə, pedaqoji kollektivinə uğurlar arzulayaraq onlara öz tələb və tövsiyələrini verib. O, əmin olduğunu bildirib ki, məktəbin şəxsi heyəti bundan sonra da qarşıya qoyulan bütün tapşırıq və vəzifələri məsuliyyətlə yerinə yetirəcəklər.  

Sonda Məktəbin xidmətdə fərqlənən bir qrup əməkdaşı Daxili İşlər nazirinin müvafiq əmrləri ilə mükafatlandırılıblar.