Vurğun Əyub: “TQDK-nın ləğvi ilə çox da böyük dəyişiklik olmayacaq”

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edilməsi və Dövlət İmtahan Mərkəzinin yaradılması ilə elə də böyük dəyişiklik olmayacaq”.

Bu sözləri Modern.az-a açıqlamasında TQDK-nın sabiq sədri Vurğun Əyub deyib. O qeyd edib ki, yeni qurumun hansı dəyişiklərə səbəb olacağı haqqında indidən danışmaq tezdir.

"Bunun üçün əlimizdə yeni yaradılmış qurumun əsasnaməsi olmalıdır. Ümumən bunu yeni qurum da hesab etmirəm. Çünki TQDK adından bəlli olduğu kimi, tələbə qəbulu ilə məşğul olurdu. Amma sonrakı illərdə bu komissiya dövlət qulluğuna qəbul olunmaq istəyənlərin də imtahanlarını keçirdi və digər işlərlə də məşğul oldu. Ona görə də hesab edirəm ki, sadəcə ad dəyişikliyi olub. Yəni Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının gördüyü işlərin məzmununa uyğun olaraq adı dəyişilib. Gələcəkdə nə fəaliyyət göstərəcək, necə edəcək, bu artıq Əsasnamədən irəli gələcək. Bu da hələki bəllli deyil. Test imtahanlarının necə keçiriləcək və ya ümumiyyətlə keçiriləcəkmi, bilinmir. Əsasnamə ortada olsa, daha dəqiq bir söz deyə bilərik. Fikrimcə, çox da böyük dəyişiklik olmayacaq”.

Prezident İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.


Xəbərin vaxtı: 12-04-2016
Oxunma sayı: 35

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...