Sosial şəbəkələr toplumu dəyişikliklərə kökləyir

 
Nəsimi Məmmədli
 

Müasir toplumu internetsiz, bilgisayarsız, mobil telefonlarsız təsəvvür etmək mümkün deyil. İnternet bütün maneələri, sərhədləri aşaraq dünyanı bir-birinə birləşdirən, yaxınlaşdıran əsrarəngiz bir fenomendir. Həyatımızın hər sahəsində zəkamızın bir parçası olaraq bizə dəstək olan vasitədir. Məişətdə, təhsildə, idarəetmədə, bilgi almaqda, fikir və düşüncələrimizin formalaşmasında xüsusi rola sahibdir. Bu vasitədən hər bir ağıllı insanın istifadə etməsi, sosial şəbəkələrin, sosial medianın daha effektli olması üçün çalışması zəruridir. Bu istiqamətdə istənilən müzakirələrin aktuallığını və səmərəliliyini nəzərə alaraq bəzi fikirlərimizi müzakirənizə təqdim edirik.

İnternetin sosial-ictimai həyata təsirləri

Bu barədə nəzəri fikirləri uzun-uzadı sadalamadan toplum olaraq birbaşa bizə gərəkli olan məqamlara qısaca toxunaq. Azərbaycanın adı əksər nüfuzlu beynəlxalq hesabatlarda qeyri-azad ölkələrin sırasında olduğundan, bizim üçün zəruru olan məqamlar dərhal aydınlaşacaq. İfadə azadlığının məhdudlaşdırıldığı, birləşmə və sərbəst toplaşma azadlığına süni əngəllərin gətirildiyi, azad medianın boğulduğu bir yerdə internet üzərindən yayılan sosial medianın və sosial şəbəkələrin əhəmiyyəti xeyli qabarıq nəzərə çarpır. İnternet üzərindən yayılan sosial resursların real həyata, ictimai-siyasi proseslərə, ictimai fikrin formalaşmasına təsirləri əhəmiyyətli dərəcədə artır.
Ölkəmizdə mövcud olan sosial şəbəkələr arasında ən geniş yayılan "Facebook” dan istifadə edən insanların sayı təqribən 1.3 milyondan çoxdur. Təsadüfi deyil ki, sosial şəbəkələrdən istifadə edənlərin sayına görə Azərbaycan MDB-də ən ön sıralardadır. Bu, sosial şəbəkələrə insanlarımızın çox ciddi marağının və təlabatının nəticəsidir. Toplumun sosial şəbəkələrə yanaşmalarını nəzərə alaraq, bu virtual müstəvidən ölkənin demokratikləşməsi istiqamətində çox səmərəli təşəbbüslər həyata keçirmək olar. Hətta, uzun illər avtoritar rejimlərin idarəçiliyində əziyyət çəkən toplumların da bu nəhəng fürsəti ən ciddi şəkildə dəyərləndirib özlərinə yeni səhifələr açdıqları təcrübəsi var. Biz də ölkəmizin ümummilli problemlərinin həllində internetin yaratdığı əlverişli imkanlardan maksimum yararlanmalıyıq.
Televiziyaların efir monopoliyasının toplum üzərindəki fərdi və kütləvi təsirlərinə tədricən internetin son qoyduğunu da müşahidə etməkdəyik. Son illər çox sürətlə inkişaf edən sosial medianın, xüsusilə də sosial şəbəkələrin cəmiyyətdə yaratdığı təsirlər sosiolqlar və psixoloqlar tərəfindən diqqətlə öyrənilməlidir. İnternetin sürətlə yayılmasından narahatlıq keçirən hökumət dairələri bəzən məqsədyönlü şəkildə onun topluma, xüsusilə də gənclərə mənfi təsirlərini ifrat formada şişirtməyə çalışırlar. Gənclərin sosial şəbəkələrə ifrat aludəçiliyi və onların real həyatdan uzaqlaşması tendensiyaları çox geniş problem olmasa da bilgisayar oyunlarına aludəçilik müəyyən qədər narahatlıq yaradır. Bu sahədə müəyyən neqativ hallar mövcud olsa da, sosial şəbəkələrin müsbət təsirlərini heç nə ilə pərdələmək mümkün deyil.

İctimai-siyasi həyatın monitorinqi birmənalı olaraq sübut edir ki, sosial medianın və sosial şəbəkələrin ictimai fikrə təsirləri günü-gündən yüksəlməkdədir. İnternet üzərində olan resurslar televiziyaların ictimai fikir üzərindəki inhisarına artıq son qoyub. Hər bir internet istifadəçisi anlamalıdır ki, bu fürsət fərdlərə və topluma önəmli imkanlar açıb. Xüsusilə də ölkənin demokratikləşməsinə, hüquq və azadlıqların qorunmasına çalışan şəxslər və qrumlar bu fürsəti imkana çevirməlidirlər.

Sosial şəbəkələrin siyasət üzərində rolu artmaqdadır

Qeyri azad dövlətlərin vətəndaşları bir qayda olaraq azad düşüncə yaradacaq informasiyaya çatmaqdan məhrumdurlar. Azad media resursları sıradan çıxarılan, hüquqları tapdanan toplumu istənilən istiqamətə sürükləmək anti-demokratik rejimlər üçün elə də ciddi çətinlik yaratmır. Yaxın tarixdə siyasi səhnədən silinən və silinməkdə olan avtoritar rejimlərin çöküşündə daxili sosial-ictimai faktor kimi internet üzərindən yürüdülən fəaliyyətlərin çox ciddi rol oynadığını müşahidə edirik. Qeyri-azad ölkələrin siyasi həyatına sosial şəbəkələrin yeni paradiqmalar gətirməsi bir reallığa çevrilib.
Son illər təəssüf ki, ölkəmizdə də siyasi fəaliyyətin azad müstəvisi repressiv metodlarla tamamilə qapadılıb. Sərbəst siyasi fəaliyyətin real müstəvisi məhdudlaşsa da internet üzərindən yayılan sosial şəbəkələr yeni virtual müstəvi yaradıb. Virtual müstəvi real siyasət müstəvisindən effektli olmasa da indiki repressiv şərait üçün ən optimal vasitəyə çevrilib. Təsadüfi deyil ki, bu durumu hökumət də aydın müşahidə edir və ölkə daxilində bu sahəyə çox ciddi nəzarət tətbiq etməyə çalışır. Həm internetin ucuz və keyfiyyətli yayılmasının qarşısını alır, həm virtual müstəvidə fəal şəxslərin təqib edilməsini davam etdirir, həm də yeni metodla saxta profillərlə sosial şəbəkələrə müdaxilə etməyə çəhd göstərir.
2015-cü ildə ölkənin internet infrastrukturuna təxminən 150 milyon dollarlıq kapital qoyulması planlaşdırılmışdı. Bütün kəndələrə fiber optik kabel çəkilməsi və sürətli internetin hər yerə çatdırılması nəzərdə tutulsa da bu plan məlum olmayan səbəbdən həyata keçirilmədi. Ölkəmizdə internetqiymətləri də xeyli bahadır. 1-2 mb sürəti olan internetə limitsiz giriş üçün lazım olan vəsait minimum əmək haqqının 12-14 faizi olduğu halda, Rusiyada 3, Türkiyədə 2 faizi keçmir.İnternetin ölkə boyu daha rahat yayılmasında hökumətin maraqlı olmadığını açıqca görmək mümkündür.
Çoxsaylı ictimai-siyasi fəal şəxs məhz sosial şəbəkələrdəki aktiv fəaliyyətinə görə həbs edilib. İnsanları bu müstəvidə fəallaşmaqdan çəkindirmək üçün xeyli inzibati cəhdlər olsa da, sosial şəbəkələrin sürətlə genişlənməsi və yayılması izlənməkdədir. Xüsusilə də xaricdən sosial şəbəkələrə və sosial mediaya daxil olan fəal şəxslərə heç bir nəzarət və məhdudlaşdırma gətirmək mümkün olmadığı üçün, hökumətin ölkə daxilində həyata keçirdiyi repressiv tədbirlər də əks nəticə doğurur. Təcrübə göstərir ki, xaricdən yayılan sosial media fəallarının yaxın qohumlarına edilən total basqılar nəinki onları susdurdu, əksinə daha geniş əks-təbliğat imkanı yaratdı.
Ölkənin siyasi fəaliyyət müstəvisinin monitorinqi onu deməyə əsas verir ki, real həayatda siyasi fəaliyyətə gətirilən məhdudiyyətlər sürətlə öz əhəmiyyətini itirir. Virtual aləmdə dominantlıq edən müxalif qurumlar birbaşa maddi vəsait xərcləmədən addım-addım real həyatda sosial bazalarını daha da genişləndirməyə nail olurlar. Ölkə üzrə apardığımız monitorinqlər göstərir ki, hökumətin ən konfidensial saxladığı ictimai maraq kəsb edən məlumatlar da internetin sayəsində artıq geniş auditoriyaya çatmağa başlayıb. Müxalifətin regionlara gedərək öz tərəfdarlarına deyə biləcəyi nə varsa, artıq onu sosial medianın verdiyi imkanlarla daha peşəkar, daha az vəsaitlə və daha təhlükəsiz həyata keçirmək mümkündür. Deməli, həm də müxalifət fəallarının bölgələrdə qaşısını zorakı metodlarla almağın da artıq elə bir əhəmiyyəti qalmayıb. Sosial şəbəkələrin təsirləri o qədər yüksəlib ki, hətta hökumətə bağlı olduqları şübhə doğurmayan yüzlərlə saxta profillər də sistemli virtual fəaliyyət qurmağa çalışırlar. Xüsusilə də müxalif düşərgədə təbii rəylərə müdaxilə etməklə, ictimai rəyi çaşdırmaq və süni ictimai rəy yaratmaq üçün fəal şəbəkələşmədən istifadə etməklə iş başındadırlar.

İnternet informasiya blokadasını yarmağa imkan yaratdı

İnternet resurslarının yayılması avtoritar idarəçiliyin yatatdığı sosial-siyasi mühiti sürətlə dağıdır və yeni münasibətlər sistemi yaradır. Xüsusilə də sosial şəbəkələrin yaratdığı yeni münasibətlər sistemi toplumu demokratik dəyişikliklərə kökləməkdədir. 2.0 veb texnologiyasının yaratdığı imkanlar yüz minlərlə insanı həm əyləndirir, həm düşündürür, həm də hərəkətə keçirir. Sosial şəbəkələrin insanları daha çox cəlb etdiyi və apardığı bir virtual aləm var. Tanışlarla asan əlaqə saxlamaq, dünyanın istənilən tərəfində yeni tanışlar tapmaq, onlarla müxtəlif söhbətlər etmək əhalinin böyük təbəqələri üçün artıq həyati zərurətə çevrilib.

Artıq minlərlə fəal insan, xüsusilə də təşəbbüskar gənclər sosial şəbəkələrdən informasiya yayıcısına çevrilib. Əksəriyyət insanlar televiziya proqramlarının monoloqundansa, sosial medianın çoxtərəfli müzakirəsini izləməyi daha üstün tutur. Apardığımız araşdırmalar göstərir ki, sosial şəbəkələrdə gedən müzakirələr daha möhkəm və qalıcı ictimai rəy yaradır. Hər bir sağlam insan qanun və ictimai etiket çərçivəsində düşüncələrini yaymaq, adi həyatda görüşmək imkanları olmayan ictimai-siyasi xadimlərlə sual-cavab etmək, bəyənmədiyi fikirlərə reaksiya vermək, bəyəndiklərini təqdir etmək kimi nəhəng ictimai rəy platforması yaradıb. Hər kəs öz potensialına uyğun şəkildə internet resurslarından istifadə edir və ondan yararlanır. Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə internetin topluma damla-damla bəxş etdiyi fərqli düşüncə və impuls yeni ictimai-siyasi nəticə doğuracaq.


Xəbərin vaxtı: 28-03-2016
Oxunma sayı: 52

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: