Azərbaycanda 620 İslam, 24 qeyri-islam təmayüllü dini icma var

 

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollegiyasının (DQİDK) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan genişləndirilmiş iclası keçirilib. Milletinsesi.info xəbər verir ki, komitənin sədri Mübariz Qurbanlı iclasda hesabat məruzəsi ilə çıxış edib.


M.Qurbanlı Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 10 yanvar tarixli iclasdan, 2016-cı ilin "Multikulturalizm ili” elan edilməsindən, Prezidentin bununla bağlı tapşırıq və tövsiyələrindən danışıb.

Sədr bildirib ki, Dövlət Komitəsi tərəfindən 2015-ci ildə respublikada dini durumun öyrənilməsi, təhlil olunması, bu sahədə proseslərin izlənilməsi, informasiya fondunun zənginləşdirilməsi, maarifləndirmə işinin aparılması, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, onların fəaliyyəti üçün lazımi kömək göstərilməsi və dövlət qeydiyyatına alınmaları, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Diqqətə çatdırılıb ki, dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 52 dini icma dövlət qeydiyyatından keçib. Onlardan 49-u İslam, 3-ü qeyri-islam təmayüllü dini icmadır. Qeydiyyata alınmış dini qurumların ümumi sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 620-si İslam, 24-ü qeyri-islam təmayüllüdür. Sonunculardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxış edərək, muxtar respublikadakı dini durum, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində görülmüş işlər barədə məlumat verib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev yığıncaqda çıxış edərək ölkəmizdəki dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb. Dövlət müşaviri "Multikulturalizm ili” çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Ölkəmizdə tolerantlıq mühitini daha da genişləndirmək üçün məsciddə müxtəlif kursların, kitab sərgilərinin keçirilməsi, bölgələrimizdə din xadimlərinin görüşlərinin təşkil olunması nəzərdə tutulur.

İclasda ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Dövlət Komitəsinin hesabat dövründə gördüyü işlər qənaətbəxş hesab edilib.



Xəbərin vaxtı: 29-01-2016
Oxunma sayı: 57

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: