Oqtay Şirəliyev: “Azərbaycanda 2183 dərman vasitəsinin qiyməti azaldılıb”


 
 "Dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan dövləti səhiyyə sahəsində öz vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir”.

Milletinsesi.info-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.

 

Nazir bildirib ki, son 10 ildə Azərbaycanda 586 səhiyyə müəssisəsi tikilib, əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təkcə bu ilin 9 ayı ərzində 10-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. Hazırda Ağsu, Masallı, Biləsuvar, Qazax, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrinin tikintisi davam etdirilir.

 

O. Şirəliyev həmçinin vurğulayıb ki,  bu gün ölkədə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. Bu il ölkə üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif müayinələrə cəlb olunub.

 

Nazirin sözlərinə görə, dərmanların əsassız qiymət artımının qarşısını almaq üçün İqtisadi İnkişaf və Sənaye Nazirliyi ilə birlikdə tədbirlər proqramı hazırlanıb və tətbiq olunur: "Buraya həm aptek şəbəkəsinə nəzarətin gücləndirilməsi, həm satılan dərmanların qiymətinin və keyfiyyətinin uyğunluğuna, həkimlərin təyinatlarına nəzarət, həm də təlimlərin keçilməsi daxildir. Bu günə kimi Tarif Şurası 2183 dərman vasitəsinin qiymətini təsdiqləyib və onların da qiyməti aşağı salınıb”. 


Xəbərin vaxtı: 13-10-2015
Oxunma sayı: 369

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...