Müxalifətin yeni birliyi daha çox kimə lazımdır?

http://milletin-sesi.info/uploads/posts/2016-01/1453580796_tuyshsh.jpg

 

Nəsimi Məmmədli

 
Toplumu yetişməmiş fərqli hədəflərə istiqamətləndirmək zərərlidir
 
Yeni ictimai-siyasi mərhələ ərəfəsindəyik. Təsadüfi deyil ki, sadə xalqdan, siyasətçilərə kimi hamı fəallaşıb. Ölkənin bugünkü durumu və gələcəyi ilə bağlı müzakirələr də genişlənir. Toplumun lokomotivi olan siyasi qurumların hansı addımlar atacağı, proseslərə necə təsir edəcəyi getdikcə daha da aktuallaşır. Bu məqamda müxalifətin birləşməsinə yönəlik çağrışlar da artmaqdadır. Məsələnin aktuallığını nəzərə alaraq bu istiqamətdə real durumu birlikdə təhlil etməyə çalışaq
 
Böhranı artıq hamı hiss edir
 
Sosial böhran artıq ölkəmizi məhəllə-məhəllə silkələməkdədir. Apardığımız araşdırmalar onu göstərir ki, ən ucqar kəndlərdən tutmuş böyük şəhərlərə qədər elə bir kollektiv və ya yetkin insan yoxdur ki, mövcud durumla bağlı hansısa müzakirələr aparmasın. Hələlik tam çılpaqlığı ilə təzahür etməsə də, toplum dərin tərəddüd, ümidsizlik, təlaş və axtarış içərisindədir. Sadə insanlar televiziya ekranlarından "təsəlliedici” çıxışları izlədikcə və üz tutduqları dövlər idarələrində məmurların, səlahiyyətli şəxslərin yanaşmalarını gördükcə, daha da çarəsizliyə yuvarlanır. Müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, xalqımız belə kollektiv ictimai oyanış mərhələsinə qədəm qoyur. Təəssüf ki, bu oyanış və hərəkətlilik aclıqdan, yoxsulluqdan, işsizlikdən, ümidsizlikdən qaynaqlandığı üçün arzuolunmaz istiqamətdə inkişaf edə bilər.
 
Mövcud böhran siyasi idarəetmənin nəticəsidir
 
İctimai-siyasi fəal insanlar hələ xeyli müddət öncə həm sosial şəbəkələrdə, həm də digər müstəqil KİV-lərdə geniş diskussiyalar apararaq yaxınlaşan böhranın anonsunu verirdi. Ölkənin ağır duruma düşəcəyi ilə bağlı dəfələrlə müxalifət, vətəndaş cəmiyyəti, müstəqil media və ayrı-ayrı müstəqil şəxslər həyəcan təbili çalsa da, təəssüf ki, nə hökumət, nə də xalq belə çağrışlara diqqət ayırırdı. Toplum hüquqsuzluqdan, korrupsiyadan, pis idarəçilikdən daha ağır zərbələr alsa da, bu neqativ hallara qarşı açıq etirazlara meyl etmirdi. Uzun müddətdir siyasi böhranın məngənəsində sıxılsa da, buna etinasız yanaşırdı. Sərbəst toplaşmaq, özünüifadə etmək, azad seçım və digər siyasi hüquqların məhdudlaşması, siyasi düşüncələrinə görə həbslərin artması ölkəni addım-addım təhlükələrə yaxınlaşdırsa da, xalqın böyük əksəriyyəti elə davranırdı ki, sanki bu siyasi problemlərin ona heç bir dəxli yoxdur və olmayacaq. Ən acınacaqlısı budur ki, belə düşncə hələ də davam etməkdədir. Halbuki indiki sosial böhranın ən böyük səbəbi ölkənin siyasi sistemindən və idarəetmədəki qüsurlardan qaynaqlanır. Ən narahatedici hal budur ki, hökumət nəinki böhran təhlükəsini proqnozlaşdırıb, hətta olacağını heç təsəvvür də etməyib. Vəzifəsi nefti baha satıb, necə gəldi israfçılıqla xərcləməkdən ibarət olan hökumət neft ucuzlaşdıqda isə bu dlemma ilə baş-başa qalıb. Toplumu böhrana sürükləyən hökumətin qəbul etdiyi bütün qərarlar onu göstərir ki, bu komanda ölkəni böhrandan çıxarmağa qadir deyil və təkbaşına bu işin öhdəsindən gələ bilməyəcək. 
 
Müxalifət adına iddiasını sürdürənlər toplumun diqqətini çəkə biləcəklərmi? 
 
Bu gün ölkədə real müxalifətlə yanaşı, həm də müxalifət adına iddia edərək müəyyən çərçivədə fəaliyət göstərən xeyli partiya var. Müxalifət adına iddia edən bu partiyaların hamısına ucdantutma bir qiymət vermək doğru olmaz. Onların arasında ölkəni gerçəkdən demokratik görmək və bütövlükdə dəyişməsini istəyənlərlə yanaşı, hakimiyyətin siyasi maraqları naminə ərsəyə gətirilmişlər də var. Nə qədər paradoksal olsa da, belə partiyaların çoxluğu və mövcudluğu ölkədə pülüralizmin deyil, avtoritarizmin təntənəsinə xidmət edir. Hakimiyyət uzun illərdir çalışır ki, siyasi sistemdə müxalifət adı altında daha çox iddiaçı göstərsin. Hətta qondarma alternativlik üçün böyük miqdarda vəsait də xərcləyir. Çünki siyasi yetkinliyi olmayan, azad informasiya almaq imkanları məhdud olan toplumu bu metodla çaşdırmaq, onlarda tərəddüd yaratmaqla siyasətdən kənar tutmaq ən sınanmış metodlardandır. Hakimiyyət müxalifət adına "iddialılar” dan müxalif düşərgəni məsxərəyə qoymaq, nüfuzdan salmaq və daxili çəkişmələrə sövq etmək üçün yararlanmağa çalışır və bəzən də nail olur. Dərindən baxdıqda isə hakimiyyət nə qədər cəhd göstərib pul və insan resursları səfərbər etsə də, bu istiqamətdə nəzərə çarpacaq uğur qazana bilməyib. Real durum belədir ki, gerçək müxalifətin rol almadığı heç bir ictimai-siyasi təşəbbüs nəinki toplumdan dəstək almaq, heç ötəri diqqət çəkmək gücündə də deyil. 
 
Bu mərhələdə müxalifət adına iddialarını davam etdirən, lakin etirazları səfərbər etmək potensialı olmayan qurumların hansı addım atmasının və nə bəyanat verməsinin elə də ciddi əhəmiyyəti yoxdur. Heç hakimiyyət də bu qüvvələrə imkan verməz ki real müxalifətin qatılmadığı hansısa meydan etirazları təşkil etsinlər. Çünki onların istənilən fərdi və kütləvi təşəbbüsləri, etirazları səfərbər etmək potensialı olan real müxalifətin mövqelərini və sıralarını gücləndirəcək. Hətta onların tənqidi belə gerçək müxalifətin müsbət təbliğatına çevriləcək. Müxalifət bu durumda heç bir qeyri-müəyyən ictimai-siyasi təşəbbüslərə dəstək verməməlidir.
 
Gerçək müxalifətin birliyi toplumu siyasi mübarizəyə səfərbər edə bilərmi?
 
Son prezident və parlament seçkiləri birmənalı olaraq müxalifətin sərhədlərini və münasibətlərini müəyyən edib. Kiminsə bunu qəbul edib-etməməsi mövcud olan gerçəkliyi pərdələmək imkanında deyil. İctimai fikrin hətta ən səthi monitorinqi belə kifayət edər ki, bu barədə dolğun qənaət yaransın. Həm beynəlxalq ictimaiyyət, həm də ölkənin məlumatlı və fəal kəsimi həqiqətin nədən ibarət olduğunu aydın bilir. Biz də bu istiqamətdə yersiz mübahisələrə əhəmiyyət verməyin doğru olmadığı qənaətindəyik. 
 
Özünü hakimiyyətin əsas müxalifəti kimi təsdiq etmiş qüvvələr bu məqamda "müxalifətin birliyi” müzakirələrinə vaxt sərf etməməlidirlər. Bir anlıq təsəvvür edək ki, müxalifət partiyaları birləşdi. Elan edilən siyasi məqsəd nə olacaq? Vahid məqsəd və lider ətrafında birləşmək mümkün olacaqmı? Siyasi hədəflərə doğru sonadək addımlaya biləcəkmi? Ümumiyyətlə, toplumdan belə bir sosial-siyasi sifariş varmı? 
 
Əlbəttə, bu sualların hələlik heç birinin müsbət cavabı yoxdur və hadisələri qabaqlamaq yanlış nəticələrə gətirib çıxara bilər. Həm də müxalifət daxili münasibətlərin tarixinə nəzər saldıqda əminliklə deyə bilərik ki, indiki halda birlik çağrışları faydalı deyil. 1993-cü ilin hərbi qiyamı ilə hakimiyyətdən uzaqlaşdırılmış qüvvələr konkret məqsədlər uğrunda dəfələrlə birləşib. Bu birliklər məqsədə çatmaqda ciddi uğur əldə edə bilməsələr də, müxalifətin siyasi hədəflərə birgə istiqmətlənməsində önəmli addımlar ata biliblər. Müxtəlif dönəmlərdə birlikləri zəruri edən onlarla səbəb saymaq olar. Adətən, qalibiyyət düsturunun ən vacib elementlərindən biri birlik hesab edilir. Odur ki, bəzən bir çoxu bu çağırış altında öz "siyasi maraqlarını” asanlıqla gizləməyə və ya həyata keçirməyə çalışır. Heç bir siyasətçi ictimai qınağa tuş gəlməmək üçün birlik çağırışlarını açıq rədd etmir. Təcrübə göstərir ki, demokratik cəmiyyət və seçkilərin uğurlu nəticəsi naminə yaradılan birliklər, koalisiyalar belə geniş dəstək qazansa da, son məqsədə nail olmadığı üçün uzunömürlü ola bilməyib. Maraqların dəyişən dinamikası və hakimiyyətin heç bir siyasi çərçivəyə sığmayan oyun qaydaları, birliklərin dağılmasına səbəb olub. Hakimiyyətin maraqlarının gizli təminatçıları birmənalı olaraq bu müstəvidə daha rahat fəaliyyət göstərib və məqamı çatanda isə birlik daxili gərginlik yaratmaq üçün bir-iki planlı addımlar atmaqla birliklərin dağılmasına bəhanə yaradıblar. Hər dağılma prosesi həm partiyaların qarşılıqlı münasibətlərinə, həm üzvlərinin əhval-ruhiyəsinə, həm də toplumun davamlı dəstəyinə mənfi təsir göstərib. Səthi ümumiləşdirmə etsək, müxalifətin xalqdan dəstək, seçicidən səs almaq problemi yox, alınmış nəticədən yararlanmaq problemi var. 
 
Biz hesab edirik ki, indiki mərhələdə istənilən təşkilati birlik təşəbbüsləri müxalifətin güclənməsinə deyil, sosial etirazların istiqamətinin dəyişməsinə və zəifləməsinə gətirib çıxara bilər. Odur ki, müxalifət tamamilə fərqli siyasi-təşkilati düsturları nəzərdən keçirməlidir. Müxalif düşüncəli insanların bu gün vahid platformada birləşməməsi bəzi insanları səmimi şəkildə narahat etsə də, bu, ümumi ictimai-siyasi şəraitə və proseslərə mənfi təsir göstərmədiyi üçün təhlükəli deyil. 
 
Müxalifətin yeni formatda birləşməsi və mitinqlərə başlaması iqtidarın marağındadır
 
Hakimiyyət hazırkı durumda müxalifətin yeni böyük birlik yaradaraq meydana çıxmasında çox maraqlıdır. Bunu açıq ifadə etməsələr də gizli çalışmalar nəzərə çarpmaqdadır. Hətta çox güman ki yaxın zamanlarda bu birliyin yaranmasını sürətləndirmək üçün səlahiyyətli şəxslərin dilindən hansısa şirnikləndirici siyasi mesajlar da səslənə bilər. Bu konstitusiya islahatlarından tutmuş, yeni parlament seçkilərinə kimi müxtəlif mövzuları əhatə edə bilər. Bu tezislər hansısa siyasi-hüquqi islahatlar keçirmək üçün deyil, sosial etirazların bir müddət səngiməsinə və hökumətin vaxt udmasına nail olmaq baxımından lazımdır. Hökumət dəqiq hesablayır ki yeni birlik yaranarsa, onun daxilində hansısa real qüvvələrlə "dil taparaq” ümumi vəziyyətə təsir göstərmək və prosesi idarə etmək daha asan ola bilər. Birləşmiş müxalifətin sosial-siyasi tezislər və tələblərlə meydana atılması indiki böhranı pərdələmək və etirazların istiqamətini dəyişmək üçün hökumətə yaxşı fürsət ola bilər. Əgər hakimiyyət müxalifəti bütövlükdə bir araya gətirə bilməsə, son anda əhəmiyyətli hissəsini bir araya gətirməyə cəhd edəcəkdir. 
 
Birlikdən imtina edən müxalifətə qarşı çoxtərəfli təyziqlərin artması, xalqın bu ağır durumunda birliyə gəlmədiyi üçün müxalif düşərgədən qınaq və tənqidlərin yağdırılması onları qətiyyən hədəfdən çəkindirməməlidir. Heç kəsə sirr deyil ki toplum siyasi yox, sosial problemlərə görə etirazlara meyllənib. Hələ də xalqımız üçün həyatı əhəmiyyət daşıyan siyasi sistemin dəyişməsi tezisləri cəlbedici deyil. Onu yalnız sosial qayğıları etiraza sövq edir. Buna görə də xalqımıza imkan verilməlidir ki, öz təbii halı ilə hökumətlə münasibətlərini həll etsin. İddialı, ciddi siyasi partiyaların müəyyən müddətədək arxa planda olması vacibdir. Toplumu yetişməmiş fərqli hədəflərə istiqamətləndirmək zərərlidir. Onsuz da sosial etirazlar mütləq siyasi proseslərə təkan verəcək. O zaman müxalifət dövlətin və xalqın naminə siyasi proseslərə lokomativlik etməyə indidən daha ciddi hazırlaşmalıdır. 


Xəbərin vaxtı: 26-01-2016
Oxunma sayı: 85

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: