Şamaxı rəsədxanasında xoşagəlməz durum

Şamaxı rəsədxanasında xoşagəlməz durum

Şahnaz Salehqızı


Şamaxı rəsədxanasında xoşagəlməz durum


"Fortuna” istirahət mərkəzində baha qiymətlər cib yandırır

Xeyli zaman idi ki, Şamaxıya səfər edib oradakı otel və istirahət mərkəzlərində mövcud vəziyyətlə tanış olmağı planlaşdırırdım. İş elə gətirdi ki, Rusiyadan qonaq gəlmiş əzizlərimlə birlikdə həm Azərbaycanın müxtəlif bölgələrinə getmək, gəzmək və son illər ölkəmizdə baş vermiş gözəllikləri onlara göstərmək, həm də özüm bu yenilikləri görmək qərarına gəldim. Lakin vəziyyət elə gətirdi ki, dostlarımızın və Rusiyadan qonaq gəlmiş yaxınlarımızın təkidi ilə Şamaxıdan öncə Qubaya yollandıq.


Qubanın əsrarəngiz təbiəti, son illər burada aparılmış möhtəşəm tikinti – quruculuq işləri diqqətimizi dərhal cəlb etdi. Burada hiss etdim ki, Qubanın yaşıl libası və yaraşıqlı görkəmi görənləri öz cazibə əhatəsinə salaraq heyran qoyur. Təbiətin gözəlliyi ilə həmahənglik təşkil edən tikinti - quruculuq işləri şəhərin görkəminə xüsusi gözəllik verir. Qubadakı yaşıl parklar və yaraşıqlı xiyabanlar və binalar insan zövqünün ən yüksək tələblərinə belə cavab verəcək qədər heyrətamizdir. Qubanın insanları da sanki öz gülərüzlüyü ilə şəhərin füsünkar görkəminə eyni ahəngdarlıqla yaraşıq verirlər. Hara getdiksə, harada olduqsa, bizi çox səmimi və mehriban qarşıladılar. Qubada da ölkəmizin digər gözəl güşələrində olduğu kimi, qarşılaşdığımız yeganə xoşagəlməz hal istirahət mərkəzlərində və otellərdə qiymətlərin həddindən ziyadə yüksək olması idi. Kasıb xalq, baha qiymət, gəl, ay kasıb, yaşa görüm, necə yaşayacaqsan?!..

Bir gün Qubada qaldıqdan sonra dostlarla xudahafizləşib Bakıya üz tutduq. Yayın yandırıcı istisini Qubada hiss etməsək də, Bakı bizi yüksək hərarəti ilə qarşıladı. Biz həm istidən uzaqlaşmaq, həm də səyahətimizi davam etdirmək üçün elə səhəri gün taksiyə minib Şamaxıya üz tutduq. Bizi Şamaxıya aparan taksi çox qısa zamanda məsafəni qət edərək mənzil başına çatdı. Şamaxı ilə tanışlığa təkcə ölkəmizdə deyil, dünyada məşhur olan Şamaxı Rəsədxanası ilə tanışlıqdan başladıq. Elə ilk xoşagəlməz halla da burada qarşılaşdıq. Rəsədxanaya daxil olmaq və buradakı vəziyyətlə yaxından tanış olmaq arzumuzu gerçəkləşdirə bilmədik. Bizə bildirdilər ki, Rəsədxana rəhbərliyi məzuniyyətdə olduğuna görə, turistlərin içəri buraxılışı dayandırılıb(!) Digər tərəfdən, bildirdilər ki, Rəsədxana elmi işçilərin elmi tədqiqat aparmaları üçün onların sərəncamına verildiyindən və vaxt çatışmazlığı üzündən turistlərin buraxılmasına imkan yoxdur!

Beləcə, neçə illərdir Şamaxı Rəsədxanasını görmək, onunla yaxından tanış olmaq istəyimiz məmur özbaşınalığı üzündən baş tutmadı. Öyrəndik ki, Rəsədxananın direktoru vəzifəsini icra edən Namiq Cəililovla görüşmək istəyimiz də, direktorun iş yerində üzürlü səbəbdən olmaması acısından baş tutmayacaq. Lakin daxilini görə bilməsək də, xaricdən müşahidə etdiyimiz Şamaxı Rəsədxanası ümumi görkəminə görə Azərbaycanın müasir inkişafından xeyli geri qaldığı çox aydın hiss olunur. Maraqlıdır, görəsən, 2008 – ci ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 5 milyon pul vəsaiti ayrılmış Şamaxı Rəsədxanası zahiri görkəminə görə niyə ölkənin hazırkı yüksək inkşafından geridə qalır?! Bəlkə, burada da bəzi yerlərdə aşkarlandığı kimi, ayrılmış dövlət vəsaiti öz təyinatından yayındırılaraq başqa istiqamətə yönəldilib?!

Xülasə, Şamaxıda olarkan xeyli xoşagəlməz hadisələrlə qarşılaşdıq. Bu hadisələrin əksəriyyəti bölgələrimiz üçün xarakterik olduğuna görə, bunlardan yalnız birinin üzərində dayanmaq istəyirəm. Hər kəs yaxşı bilir ki, Azərbaycan turizm üçün ən əlverişli təbiətə və digər vacib təbii ehtiyatlara malikdir. Heç kimə sirr deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün son illər ölçüyəgəlməz miqyasda səmərəli iş görülməsinə nail olub. Təsadüfi deyil ki, on milyonlarla turistin ölkəmizdə rahat dincəlməsi və istirahət etməsi üçün ən yüksək səviyyədə şərait yaradılıb. Amma...

Çox təəssüf ki, ölkəmizin bütün turizm və istirahət mərkəzlərində, o cümlədən Şamaxıdakı otel və mehmanxanalardakı baha qiymətlər həm yerli, həm də xaricdən gələn turistlərin cibini yandırdığına görə, haqlı narazılığa səbəb olur. Biz bir gecə məcburən Şamaxı Rəsədxanasının 20 metrliyində yerləşən "Fortuna” istirahət mərkəzində gecələməli olduq. Bir gecənin qiyməti nə qədər olsa yaxşıdır? Nə az, nə çox, səhər yeməyi də daxil olmaqla, ən aşağısı 50 manat! Görəsən, orta aylıq əmək haqqı 300 manat, təqaüdü 150 manat olan ölkə vətəndaşlarından kim belə istirahət mərkəzində dincəlməyə cəsarət edər?! Təbii ki, heç kim! Xarici turistlər də yerlilər kimi, həmçinin! Əgər xarici ölkələrin istirahət mərkəzləri 5 günlük səyahət və istirahət üçün 390 – 490 manat civarında qiymət müəyyən edib, çoxlu turist cəlb edib, xeyli qazanc əldə edirsə, bəs, bizim ölkədə niyə bu imkandan istifadə edilmir?!

Deyiləsi, tənqid ediləsi belə işlərimiz xeyli çoxdur. Xalq isə susmağa üstünlük verir. Çünki ölkədə ictimai rəyə, mətbuatda gedən haqlı tənqidə diqqət yetirən demək olar ki, yoxdur! Ona görə də "dərə xəlvət, tülkü bəy” xalq deyimini turizm sahəsində baş alıb gedən özbaşınalığa çəkinmədən şamil etmək olar.

Mədəniyyət və Turizm naziri hörmətli Əbülfəz Qarayev ölkədə turizmin inkişaf etdirilməsi üçün cənab Prezidentin sərəncam və göstərişlərini yerinə yetirmək istiqamətində ciddi səy göstərdiyini inkar etmək olmaz. Lakin mövcud vəziyyət nazirin bu səylərinin yetərli olmadığını diqtə edir. Məsələyə daha ciddi və daha məsuliyyətlə müdaxilə edilməsə, ölkədə turizmin inkişafına indiyə qədər çəkilən xərclərin və zəhmətin hədər gedəcəyinə cənab nazirin zərrəcə şübhəsi olmamalıdır!

Xəbərin vaxtı: 05-09-2015
Oxunma sayı: 1 080


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: