Yayımçılar əvvəlki kimi şou-biznes nümayəndələrindən asılılıq nümayiş etdirirlər

 

"Bəzi özəl kanallarda yayımlanan verilişlərin böyük əksəriyyəti şou-bizneslə birbaşa və dolayısı ilə bağlıdır”. Bunu Milletinsesi.info-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. 

 

O bildirib ki, ümumilikdə telekanallarda Televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə riayət olunması hallarında irəliləyiş müşahidə olunsa da, bir çox özəl kanallarda şou-biznes nümayəndələrinə meyllilik, verilişlərin əsasən şou-biznes nümayəndələrinin iştirakı ilə hazırlanması, onların müəyyən mənada gizli reklamını özündə əks etdirən məqamlar olan verilişlərin sayı az deyil: "Biz istəməzdik ki, yayımçılar əvvəlki kimi şou-biznes nümayəndələrindən müəyyən qədər asılılıq nümayiş etdirsinlər. Amma təəssüf ki, bu hallar var”.

 

Şöbə müdiri qeyd edib ki, bununla bağlı verilişlərin təhlili aparılır və arayış hazırlanacaq: "Əlbəttə ki, konkret olaraq inzibati tənbeh tədbirləri görmək niyyətində deyilik. Amma Şura tərəfindən tövsiyələr veriləcək ki, yayımçılar bu hallardan qaçsınlar”.

 

T. Dadaşov onu da qeyd edib ki, yeni açılan bəzi verilişlərdə şou-biznes nümayəndələrinə aparıcılıq həvalə olunması da narahatlıq doğurur. "Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılandan sonra Şura verilişlərin məzmunu ilə bağlı narahatlığını dəfələrlə dilə gətirmişdi. Eyni zamanda, kanallara verilişlərin məzmununa diqqət etmələri tövsiyə edilmişdi. Bu aspektdən yanaşanda hazırda bir çox verilişlərin məzmununda müəyyən qədər bayağılıq qalmaqdadır”.

 

O bildirib ki, "Space" televiziyasında yayımlanan "Məhəbbət əhvalatları” verilişində də bayağılıq müşahidə olunur: "Bu verilişlə bağlı Şuranın "Qaynar xətt”inə şikayətlər daxil olur. "Məhəbbət əhvalatları” verilişinin formatında bir balaca dəyişiklik olsa yaxşıdır. Hazırda konkret qanun pozuntusu olmadığına görə biz verilişə müdaxilə etmirik. Amma verilişin aparıcısını, ümumiyyətlə verilişin formatında müəyyən qədər dəyişiklik edilməsi ilə bağlı öz tövsiyələrimizi vermişik. Verilişdəki sünilik, bayağılıq müəyyən dərəcədə aradan qaldırılsa yaxşı olar”.

 

Şöbə müdiri qeyd edib ki, "Space" telekanalının təmsilçiləri bu haqda məlumatlandırılıb: "Kanalın təmsilçiləri bizim tövsiyələri nəzərə alacaqlarına söz veriblər. Biz də hələki gözləmə mövqeyindəyik”.




Xəbərin vaxtı: 03-12-2015
Oxunma sayı: 75

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: