Oqtay Əsədov Fransa Senatının Azərbaycanla dostluq qrupunun sədrini qəbul edib

Oqtay Əsədov Fransa Senatının Azərbaycanla dostluq qrupunun sədrini qəbul edib

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Fransa Senatının Azərbaycanla dostluq qrupunun sədri Andre Rişardın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Parlamentdən Milletinsesi.info-ya verilən məlumata görə, görüş zamanı spiker bildirib ki, Azərbaycanın Fransadakı dostları ilə görüşmək hər zaman sevindirici haldır, Azərbaycan Avropanın bu dövləti ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir:

“Bu baxımdan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter alması təqdirəlayiqdir. Dövlətlərimizin başçılarının görüşləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb”.

O. Əsədov deyib ki, dövlətlərarası münasibətlər sistemində parlamentlərarası əlaqələr mühüm rol oynayır: “Biz Fransa Senatı ilə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. Təsadüfi deyil ki, Milli Məclisdə fəaliyyət göstərən Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir. Təkcə siyasi deyil, həyatın digər sahələrində də əlaqələrimizin genişləndirilməsi ümumi məqsədlərə çatmaq üçün çox önəmlidir”.

Spiker Fransa-Azərbaycan dostluq qrupu sədrinin müavini Natali Qule ilə dəfələrlə görüşdüyünü xatırlayaraq, Fransa nümayəndə heyətinin bu səfərinin də hər iki tərəf üçün əhəmiyyətli olacağına inamını ifadə edib. Bildirilib ki, Azərbaycan Avropa ölkələri, o cümlədən Fransa ilə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa-Azərbaycan dostluq qrupunun sədri A. Rişard ölkəmizə səfərdən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını bildirib. O qeyd edib ki, əməkdaşlığın daha da genişlənməsində parlamentlər mühüm rol oynayır: “Fransa Senatı Azərbaycan parlamenti ilə əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir”.

Qonaq Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Fransada keçirdiyi tədbirləri yüksək dəyərləndirərək, bu kimi işlərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini söyləyib. Qəbulda siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Cavanşir Feyziyev və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbərin vaxtı: 11-09-2015
Oxunma sayı: 493

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...