MTN-dəki “işgəncə generalı” hədəfdə: Şıxəliyevi həbsdən kim qoruyur?

MTN-dəki “işgəncə generalı” hədəfdə: Şıxəliyevi həbsdən kim qoruyur?
MTN-də Baş İstintaq İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev istintaqda dindirilib

M.Şıxəliyev keçmiş işçisi Vüsal Ələkbərovun cinayət işi üzrə şahid qismində dindirilsə də, özü barəsində olan cinayət işi ayrıca icraata verilib və xüsusi araşdırma aparılır.

Bu barədə qafqazinfo.az yazıb və Mövlam Şıxəliyev ifadəsində bildirib ki, 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində xidmətə başlayıb. 

Zərərçəkənlərdən biri Nizami Kazımov qeyd edib ki, V.Ələkbərov ondan 3 milyon manat tələb etdikdə imtina edib, bundan sonra Mövlam Şıxəliyev onu qəbul edib və pulu gətirməsi üçün təzyiq göstərib. M.Şıxəliyev iddiaları rədd edib. Bu baxımdan onun cinayət əməlləri barədə araşdırma aparmışıq. 

Generalın adı bir sıra korrupsiya cinayətlərində hallanır. 

Cinayət işində zərərçəkənlərdən biri də "AQ İnşaat”, "İnşaatçı”, "ABM EV”, "Bərəkət İnşaat” MMC-lərin sahibi Qurbanov Akif Teymur oğludur. M.Şıxəliyev sabiq nazirin ən yaxın adamlarından biri olub. O, tutduğu vəzifədən uzaqlaşdırılsa da, bu günə qədər həbs edilməyib. 

Mənbənin bildirdiyinə görə, M.Şıxəliyev həbs olunacağından ehtiyat edərək vaxtilə iş adamlarından, bəzi məmurlardan şantaj yolu ilə aldığı pulları geri qaytarmağa başlayıb.

MTN-in keçmiş zabiti, "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu virtualaz.org saytına açıqlamasında generalın məsuliyyətə cəlb olunmamasının səbəblərini onun himayə olunmasında gördüyünü deyib. 

Sitat: "O idarədə saysız-hesabsız cinayətlər törədilib, ölüm halları baş verib. Bunlara baxmayaraq, Mövlan Şıxəliyevin adı heç yerdə hallanmır. Halbuki, o, birmənalı olaraq həbsdə olmalıdır. 

İş adamlarını pul almaq məqsədilə gətirəndə onları həmin idarədə saxlayıblar. Bunlar faktiki insanları girov götürüblər, buna görə cinayət işi açılmalıdır. Generalın vaxtilə rəhbərlik etdiyi qurumda baş vermiş işlərlə bağlı mütləq istintaq aparılmalıdır”, 

Bir müddət əvvəl dələduzluqda ittiham edilən, hazırda həbsdə olan iş adamı Rauf Kərimov Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev və onun tərəfdarları tərəfindən həbs olunması barədə ölkə başçısına müraciət ünvanlayıb. 

Müraciətdə şər-böhtanla hədələndiyini, Mövlan Şıxəliyev tərəfindən şantaj olunduğunu, həmin idarənin şöbə rəisi polkovnik Vüsal Ələkbərovun (həbs olunub – red.) ondan 1 milyon manat aldığı bildirilib. 

R.Kərimovun dediyinə görə, keçmiş MTN şefi ona məxsus "Çinar” kafesini hədə-qorxu gəlməklə şəxsən özü əlindən alıb. 

M.Şıxəliyevin "Texnika Bank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin yaxın dostu, tanınmış iş adamı Akif Qurbanovu təhdid edərək ondan 5 milyon tələb etməsi barədə mətbuatda kifayət qədər yazılıb. 

Hətta "Texnika Bank” işində zərərçəkənlər Hüseyn Səfərov, Nizami Kazımov, Xəqani Əzimov, Hamil Rzayev, Vüqar Behbudov, Füzuli Əzimov və digərləri MTN istintaqçılarının qanunsuz hərəkətləri ilə mənimsənilmiş pullarının özlərinə qaytarılmasını, Mövlan Şıxəliyevin də Vüsal Ələkbərov kimi həbs edilməsi ilə bağlı baş prokurora və ölkə başçısına müraciət ediblər.

Generalın Çexiya paytaxtı Praqada bir neçə restoranı var. Onların idarəçiliyi isə oğlundadır.

Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar dəstənin əsas üzvlərindən biri olan Mövlam Şıxəliyev saxta-qurama ittihamlarla şərlənən yüzlərlə insanın həyatını məhv edənlərdəndir. 

Onun əlinin altında olan istintaqçılar son illər ərzində yüzlərlə Azərbaycan vətəndaşını qanunsuz həbsə yollayıb. Mövlam Şıxəliyevin azadlıqda qalması isə cəmiyyətdə ciddi suallar doğurur. Görünür, Mövlam Şıxəliyevin həbsə girməsinə mane olanlar var.
(politika.az)

Xəbərin vaxtı: 12-01-2017
Oxunma sayı: 405

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...