Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ATU-da qeyd edildi

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ATU-da qeyd edildi
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş geniş toplantı keçirilib.

Millətinsəsi.info bildirir ki, tədbirdə giriş nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli böyük alim Əziz Əliyevi xalqımızın tarixində, tibb elmində böyük rolu olan nadir şəxsiyyətlərdən biri adlandırdı: "Dünyada elə insanlar var ki, onlar təmsil etdikləri millətin, dövlətin həyatında böyük iz qoyurlar. Əziz Əliyev məhz belə insanlardan idi. Əziz Əliyevin həyat və fəaliyyəti barədə danışmaq həm asan, eyni zamanda, çətindir. Tarixin heç də asan olmayan dövründə çalışan bu ləyaqətli insan hər işi şərəflə, peşəkarlıqla, vətənpərvərliklə yerinə yetirib”.

Rektor G.Gəraybəyli Tibb Universitetinin fəaliyyətində danılmaz rolu olan görkəmli alimin universitet üçün çox gözəl kadrlar yetişdirdiyini bildirdi: "Bu universitetə rəhbərlik etdiyi illərdə Əziz Əliyev ali təhsil müəssisəsinin işini daha da təkmilləşdirdi. Həmin illərdə Tibb Universiteti üçün Azərbaycan dilində çoxlu sayda kitablar yazılıb. Əziz Əliyev səhiyyə sahəsinin maddi-texniki bazasının təkmilləşdirilməsinə, peşəkar kadrların hazırlanması işinə böyük önəm verib. Həmçinin, ATU-da kitabxananın yaradılması da professor Əziz Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılıb. Hazırda bu kitabxana bir milyona qədər adda tibbi ədəbiyyata malikdir”.

Professor Gəray Gəraybəyli qeyd etdi ki, o, bu günlərdə Dağıstanda olub və burada da, ümumiyyətlə elmin və təhsil sisteminin inkişafının banisi sayılan Əziz Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Mahaçqaladakı tədbirlərin iştirakçısı olan rektor G.Gəraybəyli bildirdi ki, Dağıstanda bu gün də bu insanın respublika qarşısında xidmətlərini unutmur, onun xatirəsini əziz tuturlar.

Daha sonra ATU-nun təlim və tərbiyə işləri üzrə prorektor professor Rafiq Məmmədhəsənov alimin həyat və fəaliyyəti haqqında çıxış edərək qeyd etdi ki, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin milli tibb kadrları və səhiyyə işçilərinin hazırlanmasında çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri xüsusilə vurğulanmalıdır

Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazova Ə.Əliyevi xeyirxahlıq mücəssəməsi adlandırdı. ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri, Elmi Cərrahiyyə Mərkəzinin direktoru akademik Böyükkişi Ağayev, ATU-nun stomatologiya kafedrasının müdiri, professor Tamara Hüseynova yubilyarın ailəsi, övladları, nəvə, nəticələri ilə tanış olduqlarını qeyd edərək Ə.Əliyevlə bağlı xatirələrini bölüşdülər.

Natiqlər qeyd etdilər ki, səhiyyə, elm və təhsil sahəsinin böyük bir dövrü Əziz Əliyevin adı ilə bağlıdır. Onun tibbə aid, ana dilində nəşr edilmiş əsərləri milli səhiyyə tarixində mühüm yer tutur. Bundan əlavə, həm də nəzəfrə çatdırıldı ki, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışarkən özünü təcrübəli dövlət xadimi və səhiyyə sahəsinin bacarıqlı təşkilatçısı kimi göstərib.

Əziz Əliyev 1932-1938-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik edib, Azərbaycan SSR xalq səhiyyə komissarı, 1951-1959-cu illərdə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub. 1952-ci ildə Bakıda Zaqafqaziya və Şimali Qafqaz respublikalarının travmatoloq və ortopedlərinin elmi-praktiki konfransının təşkil edilməsində Əziz Əliyevin böyük xidmətləri olub.

Tədbirdə Əziz Əliyevin mənalı ömür yolu və çoxşaxəli siyasi fəaliyyəti barədə fotoslayd nümayiş etdirildi.

Qeyd edək ki, rektor Gəray Gəraybəylinin ümumi redaktorluğu ilə ATU-da "Əziz Əliyev-120” adında kitab da nəşr olunub. Burada Əziz Əliyevin 120 illik yubileyi münasibətilə universitetdə təşkil olunan elmi-praktik konfransın materialları, o cümlədən görkəmli dövlət və elm xadiminə həsr olunmuş xatirələr yer alıb.

Sonda alimin nəvəsi, tibb elmləri doktoru Tamfira Əliyeva babasının xatirəsinə göstərilən diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ATU-da qeyd edildi
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ATU-da qeyd edildi
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ATU-da qeyd edildi

Xəbərin vaxtı: 11-01-2017
Oxunma sayı: 257

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...