Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi - YENİLƏNİB

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Millətinsəsi.info-nun məlumatına görə, dövlət başçısı iclasda giriş nitqi söyləyib.
Sonra millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış ediblər.
Daha sonra prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib. Dövlət başçısı 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi ili elan edib. "2016-cı il tarixdə dərin islahatlar ili kimi qalıb, iqtisadi böhran vəziyyətindən çıxış yolu tapılıb. 2016-cı ildə təhlükələr artıb, qanlı müharibələr davam edib, hətta yeni münaqişə ocaqları yaranıb”.
Dövlət başçısı deyib ki, iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşıb: "Bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə inamlı inkişafını davam etdirib, təhlükəsizlik təmin olunub. Xalqımız sülh və əminamanlıq şəraitində yaşayıb. Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir”.
Prezident İlham Əliyev bildirib ki, ötən il ölkə qarşısında duran bütün vəzifələr icra edilib: "Neftin qiymətinin düşməsi nəticəsində yaranan böhranlı vəziyyətdən çıxış yolu tapılıb. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik və inkişaf yolu ilə gedir. Biz çalışmışıq, bundan sonra da çalışacağıq ki, ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur. Ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub”.
O qeyd edib ki, maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Prezidentin sözlərinə görə, bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb: "Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi inşa edilib və ya təmir olunub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb”.
Dövlət başçısı onu da bildirib ki, "ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb: "İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub və göstərilən xidmətlərin sayı artırılıb. 2016-cı il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq. Qəbul edilən qərarlar nəticəsində qeyri-neft sektorunun inkişafı bundan sonra da diqqət mərkəzində olacaq”.  
O bildirib ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində Ümumi Daxili Məhsulun həcmi azalsa da, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub: "Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik. Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektoru inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin olunacaq. Əminəm ki, bütün dediyim hədəflərə çatacağıq”.
Prezident qeyd edib ki, ötən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə qoyulub: "2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olundu. Digər neft ölkələrindən fərqli olaraq, Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə etdi. Azərbaycanda görülən işlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilib. Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 30-cu yerdə qərarlaşdırıb. Böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yeri açılıb. Özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”.
Dövlət başçısı 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunub: "Əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə güclü sarsıdıcı zərbə vurub və minlərlə hektar torpaq işğaldan azad edilib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi. Bu, həm də bir daha onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda aprel döyüşlərində illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”.
Prezident bir daha vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağıl Azərbaycanın mövqeyi dəyişməz qalıb.
Azərbaycan prezidenti İlham Əliyev ötən il Cənub Qaz Dəhlizi və "Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını,  TANAP layihəsinin böyük hissəsinin icra edildiyini nəzərə çatdırıb. Dövlət başçısı deyib ki, 2016-cı ildə Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı tədbirlər görülüb. O bildirib ki, 2016-cı il idman sahəsində də uğurlarla yadda qalıb: "Azərbaycan idmançıları Rio-2016 Olimpiya Oyunlarında tarixi nailiyyətlərə imza atıblar”.
Prezident keçən ilin sentyabrında baş tutan referendumun nəticələrindən də danışıb: "Referendum xalqımızın iradəsini əks etdirib”.
Ötən ilin Azərbaycanda "Multikulturalizm ili” elan edildiyini xatırladan prezident İlham Əliyev bu çərçivədə Bakıda bir neçə mötəbər tədbir keçirildiyini qeyd edib: "Roma Papasının Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar bir daha ölkəmizin önəmini təsdiqləyib”.
İ. Əliyev onu da əlavə edib ki, 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısı səfər edib, beynəlxalq təşkilatlarla əlaqələr genişlənib. "Ölkədə inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlər həyata keçirilib".
Dövlət başçısı bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan prezident qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzilin inşa olunacağı söyləyib. 
O, köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikilməsinə start verildiyini, Ağ Şəhər layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzəpir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını açıqlayıb. Bu il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bunun çox böyük mənası var.  
Dövlət başçısı deyib ki, Azərbaycan bu oyunları keçirməklə, bir daha öz gücünü, imkanlarını göstərəcək, öz dini dəyələrinə sadiqliyini nümayiş etdirəcək: "Çalışacağıq ki, İslam aləmini birləşdirək. Çünki İslam aləmi üçün ən böyük təhlükə də elə İslam aləmindən gəlir. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdır. Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri ölkəmiz haqqında nələr deyir, necə yüksək qiymətlər verirlər! Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimi, düzgün, ədalətli, prinsipial və cəsarətlidir. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda "İslam həmrəyliyi ili” elan edirəm. 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli olması vacibdir".
O, bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini bildirib. Dövlət başçısı sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə taxıl, pambıq, barama, çay və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışıb, istehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğulayıb. Ölkədə infrastrukturun yaradılması, qazlaşdırmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə əlaqədar tapşırıqlar verən prezident hərbi potensialın gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin görüləcəyini də söyləyib. 
O, ekoloji tədbirlərin, ölkəyə turist axının stimullaşdırılmasının, "Asan Xidmət"in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin, Ələtdəki Bakı Beynəlxalq Dəniz Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasının diqqət mərkəzində saxlanıldığını ifadə edib.


Xəbərin vaxtı: 10-01-2017
Oxunma sayı: 222

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: