Cavabsız qalan deputat sorğuları - Milli Məclis üzvlərini hansı nazirlər saymır?


Milli Məclisin plenar iclaslarında deputatlar tez-tez  müxtəlif dövlət qurumlarından, onların rəhbərliyindən giley-güzar edirlər. Narazılığın da kökündə həmin  dövlət orqanlarının deputatların rəsmi sorğularını cavabsız qoyması dayanır. Deputatlar bildiriblər ki, seçicilərindən gələn şikayətə və ya hər hansı məsələyə aydınlıq gətirmək üçün müxtəlif dövlət qurumları ilə əlaqə saxlamalarına baxmayaraq, nəticə əldə edə bilmirlər.
 
Millətinsəsi.info bildirir ki, Modern.az saytı bunu nəzərə alaraq Milli Məclisin bəzi üzvlərindən hansı dövlət qurumlarının deputat sorğularıa biganə qaldığını öyrənməyə çalışıb.

Aqil Abbas cavabsız qalan sorğusunun olmadığını qeyd edib.
"Mənim qeydiyyat dəftərimə baxsanız, bunun şahidi olarsınız. Elə müraciətlər var ki, həll olunub. Elə məktublar da var ki, onlar ədalətli məktub deyil. Düzdür, mən bütün müraciətlərə baxıram. Həmin məktubları aidiyyatı orqanlara göndərirəm. Mənə və həmin şəxsin özünə də bununla bağlı cavab gəlir. Elə sorğular var ki, onların cavablandırılması 10 və 15 gün çəkir. Amma cavabsız qalmır”.
Deputat daha çox Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladığını deyib.
"Mənim seçicilərimin 50 faizi məcburi köçkünlərlə bağlıdır. Daha çox mənə mənzillə və işlə bağlı müraciətlər olur. Həmçinin, digər rayonlardan olan hüquqları pozulmuş şəxslər də mənə müraciət edirlər. Həmin müraciətlərə görə də aidiyyatı orqanlara sorğu  göndərilir”.
 
Fazil Mustafa qeyd edib ki, şəxsən onun sorğularına elə bir hal olmayıb ki, cavab verilməsin.
"Demək olar ki, hansı quruma müraciət etmişəmsə, həmin qurumlardan ya nazir, ya nazirin müavini səviyyəsində, təsadüf hallarda o sahəyə aid idarə rəisləri səviyyəsində cavab almışam. Ona görə də belə bir problemlə rastlaşmamışam”.
Deputat bir çox məsələlərlə bağlı müxtəlif dövlət orqanlarına sorğular göndərdiyini bildirib.
 "Bu müraciətlərin də əksəriyyəti işsizliklə bağlıdır. Ona görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərirəm. Müəyyən dərəcədə vətəndaş şikayəti polisin fəaliyyəti, cinayət işi və yaxud da müəyyən qurumlarda olan problemlərlə bağlı olur. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və başqa qurumlardan olan şikayətlər əsasında bu rəsmi orqanlarla əlaqə qururam. Qaldırılan problemlərin müəyyən bir qismi həllini tapır. Əksəriyyəti isə həllini tapmır. Çünki standart cavablar alıram”.

Vahid Əhmədov da bütün dövlət orqanlarından sorğusuna cavab aldığını bildirib.
"Elə bir dövlət qurumu yoxdur ki, mən ona sorğu göndərməyim.  Mənə təkcə təmsil etdiyim bölgədən deyil, digər yerlərdən də müraciətlər olur. Daha çox isə sosial  və hüquqi məsələlərlə əlaqədar dövlət orqanlarına sorğular göndərmişəm”. 

Elman Məmmədov deyib ki, hansı dövlət qurumuna yazılı məktubla müraciət edibsə, hamısından lazımı səviyyədə cavab alıb.
"Mən deyə bilmərəm ki, bu cavabların hamısı müsbət həll olunanlardır. Həllini tapmayan sorğular da var. Mənim seçicilərim məcburi köçkünlər olduğuna görə, mənzil, məişət, sosial və işsizlik məsələləri ilə bağlı müraciətlər olur. Mən də həmin müraciətlər əsasında dövlət orqanlarına sorğular göndərirəm. Cavabsız qalan sorğum isə yoxdur”.

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 204

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...