Kredit cərimələrini ödəməyin! - Qoy, bank məhkəməyə versin


Ekspert Əkrəm Həsənov bankla yazılı razılıq əldə etməyincə kreditləri ödəməməklə bağlı borclulara müraciət edib.

Millətinsəsi.info-nun "Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, vətəndaşlar dollar kreditlərinin ödənilməsi ilə bağlı tez-tez ona bu kimi suallar ünvanlayırlar: "Dollar kreditim var. Bank dedi ki, köhnə məzənnə ilə ödə, mən də ödədim, amma indi məzənnə fərqini də tələb edir. Nə edim? Bir az gecikməm oldu, amma sonra bankla razılaşıb ödəməyə davam etdim və krediti bağladım. Lakin indi bank deyir ki, hələ xeyli borcum qalıb, çünki ödənişlərimin çox hissəsi cərimə kimi tutulub. Bu, necə ola bilər?”

İqtisadçı qeyd edib ki, belə hallar insanların sadəlövhcəsinə bankların şifahi vədinə inanmağına görə baş verir:

"Bankla hər hansı razılığa gəlmisinizsə, mütləq onun yazılı şəkildə ifadə edilməsini tələb edin. Məsələn, götürək dollar kreditlərini. Bank güzəştə getmək istəmir. Amma bilir ki, sizə bunu desə, ödənişləri dayandıra bilərsiz. Odur ki, yalandan vəd verir ki, sən əvvəlki məzənnə ilə ödə, narahat olma. Siz də ödəyirsiz, amma bank ödənişi yeni məzənnə ilə uçota alır və nəticədə borcunuz nəinki azalmır, bəlkə də artır, çünki bank gecikməni də qeydə alır və cəriməni də yükləyir. Sonra siz etiraz edəndə, bank deyir ki, aramızda elə razılıq olmayıb, məzənnə fərqini də, cərimələri də ödə”.



Ə. Həsənov vurğulayıb ki, gecikdirilmiş borc üzrə ödənişdən ilk növbədə dəbbə pulunun (cərimənin), sonra faizlərin və yalnız yekunda əsas borcun tutulması da əsas problemlərdən biridir:

"Çünki əksər hallarda bank ödənişdən cərimənin tutulduğunu vətəndaşa heç demir. Vətəndaş hərdən vaxtında, hərdən də gecikdirmə ilə birtəhər ödənişini davam etdirir. Düşünür ki, borcu azalır. Lakin azalmır. Amma bunu gec başa düşür. Kredit müqavilələrində borclunun ödənişindən ilk növbədə cərimənin tutulması haqda müddəa qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 440.2-ci maddəsinə əsasən əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əlbəttə ki, əsas borc borclu üçün daha ağır tələbdir, çünki üstünə faiz gəlir. Buna görə də cərimənin ilk növbədə tutulması qanunsuzdur!

Gecikdirilmiş borcunuzu ödəmək istədikdə, əmin olun ki, ödənişinizdən cərimə tutulmayacaq. Buna görə banka təklif edin ki, ya kredit müqaviləsindən cərimə haqda müddəanı çıxartsın, ya da ödənişlərinizdən cərimənin tutulmayacağı barədə sizinlə yazılı razılaşma bağlasın. Hər ödənişinizdən sonra da bankdan yenilənmiş və bankın imza və möhürü ilə təsdiqlənimiş ödəniş qrafikini tələb edin. Həmin qrafiki yoxlayıb əmin olun ki, ödənişiniz məhz əsas borcun və faizlərin ödənişi kimi nəzərə alınıb. Lap elə indinin özündə də gedin banka və yenilənmiş ödəniş qrafikini tələb edin. Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin. Qoy, bank sizi məhkəməyə versin. Sizi əmin edirəm ki, ömrünüzün sonunadək cərimə ödəməkdənsə, işin məhkəmədə baxılması qat-qat yaxşıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yəni məhkəmədə dəbbə pulunun azaldılmasını tələb edə bilərsiz. Əksər hallarda məhkəmələr bu tələbi təmin edir. Lakin dəbbə pulunu artıq ödəmisinizsə, məhkəmə əvvəlki ödənişlərinizi azalda bilməyəcək”.

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 233

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...