ASAN Xidmət rəhbəri deşifrə oldu: Kərimovun vitse-prezidentliyi ofsaydda

ASAN Xidmət rəhbəri deşifrə oldu: Kərimovun vitse-prezidentliyi ofsaydda
Hakimiyyət içində vitse-prezidentlik uğrunda çarpışmada daha bir məmur oyundankənar vəziyyətə salınıb

Millətinsəsi.info bildirir ki, Politika.Az-a verilən xəbərə görə, ASAN xidməti rəhbəri İnam Kərimovu ofsayda düşürən qüvvələr muradına çatıb. 

Bir müddət əvvəl vitse-prezidentliyə namizədlər arasında adı keçən və bu xəbəri mediaya sızdıran qruplaşma istəyinə nail olub. 

İ.Kərimovun yeni posta ambisiyası olsa da, komanda daxilindəki veteran qruplaşmalar buna imkan verməyib. 

Mənbənin qeydlərinə görə, ASAN xidmət rəhbərinin yaxın çevrəsində vitse-prezident gedəcəyi barədə müjdə anonsu verməsi və danışıqlar getdiyini deməsi bəzi dairələrin qulağına çatıb. 

Onun ətrafındakı şəxslərdən biri məsələni yuxarılara məruzə edib. Bundan sonra İ.Kərimovun "zərərsizləşdirilməsi” istiqamətində plan cızılıb. 

Əvvəlcə xəbər mediaya ötürülüb və proses deşifrə olunub. Bununla ilkin mərhələdə ASAN xidmət direktorunun iqtidarda yüksəlişi şansı 50 faiz aşağı salınıb. 

Ardınca, vitse-prezidentlik postuna layiq namizədlər açıqlanarkən onun zatən mühüm bir quruma rəhbərlik etdiyi və siyasi təcrübəsi olmadığı bildirilib. 

Prezidentin ən yaxın adamına çevriləcək və ölkə başçısının yerinə səlahiyyətlərini müvəqqəti icra edəcək status malik bu postu İ.Kərimova həvalə etmək istəməyiblər. 

Məlumata görə, apreldə vitse-prezident təyinatı olacağı istisna edilmir. Ona görə də iqtidardakı qüvvələr arasında yenidən fəallaşma müşahidə olunur. 

Mənbənin məlumatına görə, sosial-iqtisadi sektor üzrə vitse-prezident postuna namizədlər prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun adı hallanır, onun şansı yüksək qiymətləndirilir. Təbii ki, son qərar prezidentin olacaq.

İnam Kərimov 6 iyun 1977-ci ildə Bakıda doğulub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb.

1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olub. 

1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonne Universitetində hüquq üzrə magistr təhsili alıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib. Paris (Sorbonne) Universitetindən hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb. İngilis, fransız, fars və rus dillərini bilir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 342

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...