Fevralda daha 95 dövlət əmlakı özəlləşdiriləcək


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 7-də keçiriləcək yeni hərraca 95 əmlak çıxarıb.

Komitənin mətbuat xidmətindən Millətinsəsi.info-ya bildirilib ki, hərracda 20 səhmdar cəmiyyəti, 62 kiçik dövlət müəssisəsi və 13 istifadəsiz qeyri-yaşayış sahəsini özəlləşdirmək təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri Bakı, Gəncə, Sumqayıt, Daşkəsən, Salyan, Mingəçevir, Şəki və digər şəhər və ya rayonlarda yerləşir. Bu əmlakların bir çoxu torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Ən yüksək start qiyməti ilə təklif olunan əmlak paytaxtın Xəzər rayonunda yerləşən "Aydınlıq” şadlıq evidir. Belə ki, hərracda iddiaçılar bu əmlaka qoyulan 179 min manat ilkin satış qiymətindən yuxarı qiymət təklif etməli olacaq. Hərracda yüksək start qiyməti ilə seçilən əmlaklar Xətai rayonundakı "Araz” kafesi və Binəqədi rayonundakı 9 saylı mağazadır. Bu əmlaklar satışa müvafiq olaraq 120 min və 100,3 min manata çıxarılıb, 13 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı paytaxtda yerləşir. Bu əmlakların hərrac qiymətləri sahəsindən asılı olaraq 20-70 min manat arasında dəyişir.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında "Daşkəsən Aqrotexservis”, "Lənkəran Taxıl”, "Sabirabad Mexanikləşdirmə”, "Xırdalan Nəqliyyat”, "Zaqatala Fındıq”, "Əli Bayramlı Aqrotəmir” kimi səhmdar cəmiyyətlər var.

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 241

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...