Ağsuda çay iki işə yarayır - çınqıl çıxarmağa və zibil tökməyə

Zir-zibil çaya, ya da çayın kənarına boşaldılır.
«Başçı dedi, məhəllədəki vəziyyət iki günə düzələcək. İki ay tamam olur, bir adam da gəlib maraqlanmadı».

Millətinsəsi.info bildirir ki, Ağsu rayonunun Natəvan küçəsinin sakinləri AzadlıqRadiosuna yaşadıqları ərazinin vəziyyətini göstərən fotolar və videolar göndəriblər. Çəkilişlərdən də görünür ki, ərazidəki durum olduqca acınacaqlıdır. Palçığı, az qala, dizdən yuxarı qalxan bu yollarla insanların yeriməsini heç cür təsəvvür etmək olmur.

Natəvan küçəsi çaykənarı məhəllə hesab olunur. Ağır texnikalar hər gün bu məhəllədən keçib yaxınlıqdakı çayın dibini qazır, toplanan daş-çınqılla yüklənən yük maşınları eyni yolla geri qayıdırlar. Sakinlərəsə yalnız gileylənmək düşür.

Sakin Səbuhi Aslanov danışır: «Başçıya deyəndə ki, çayın dibini qazırlar, yük maşınlarıyla daşıyıb aparırlar, deyir, «ola bilməz, mümkün olan şey deyil, ora yaşayış ərazisidir, çayın dibini qazmaq qadağandır». Biz də təklif elədik ki, gəlib özü şahidi olsun. Nə özü, nə də bir nümayəndəsi hələ də əraziyə gəlməyib».

Sakinlərin daha çox qorxduqları odur ki, çayın dibinin qazılması ərazidə sürüşməyə, çay daşqınına səbəb ola bilər.

Ancaq məsələ təkcə çayın dibinin qazılması və ağır tonnajlı maşınların məhəllənin yollarını bərbad günə qoyulmasıyla bitmir. Şəhərdəki zibil maşınları yığdıqları zir-zibili gətirib çaya, ya da çayın kənarına boşaldırlar. Yay-qış bunun əzabını çəkənlərsə yaxınlıqda yaşayanlardır.

Ağsu rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, Natəvan küçəsinin sakinlərindən daxil olan şikayət araşdırılacaq: «Ola bilməz, o çayın dibini qazmaq qadağandır. Araşdırıb tezliklə tədbir görüləcək. Yollara gəlincə, həmin məhəllədə yollar həqiqətən bərbad gündədir, vəziyyət diqqətdədir, tədbir görüləcək».

Xəbərin vaxtı: 06-01-2017
Oxunma sayı: 197

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...