“Dinləmələr Mahmudovun tapşırığı ilə olub” - Natavan Mürvətova


"MTN işi” ilə bağlı ittiham olunan və barəsində həbs qərarı seçilmədən polisin nəzarətinə verilən MTN generalı Natavan Mürvətova istintaqa ifadə verib.

Məlumata görə, 3 maddə üzrə təqsirləndirilən general ittihamları qəbul etməyib: "Ləğv edilmiş Milli Təhlukəsizlik Nazirliyinin Əməliyyat Texniki İdarəsinin rəisi vəzifəsində xidmət etdiyim dövrdə əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununu, MTN naziri tərəfindən təsdiq edilmiş Əməliyyat-texniki idarənin Əsasnaməsini və idarənin vəzifə təlimatlarını rəhbər tutmuşam. Uzun illər, yəni 45 il milli təhlükəsizlik orqanlarında aşağı vəzifələrdən başlayaraq idarə rəisi vəzifəsinə kimi yüksəldiyimdən işimdə eyni zamanda öz təcrübəmə əsaslanmışam.

Qanunveriçiliyə əsasən telefon danışıqlarının qulaq asma yolu ilə ələ keçirilməsi məhkəmə qərarı əsasında verilmiş rəsmi tapşırıq üzrə həyata keçirilməlidir. Rəhbəri olduğum Əməliyyat-Texniki İdarəsində telefon danışıqlarının qulaq asma yolu ilə ələ keçirilməsi əməliyyat idarələrindən verilərək nazir tərəfindən təsdiq olunmuş tapşırıqlar əsasında həyata keçirilib. Bəzi hallarda idarələrdən tapşırıqlar daxil olanda o, tapşıqda tədbirin əsaslandırılması qrafasında məhkəmənin qərarı qeyd olunmadığını görüb tapşırığı verən idarənin rəhbərliyi ilə əlaqə sağlayaraq məhkəmə qərarını onlardan istəmişəm. Lakin həmin idarələrdən mənə məhkəmə qərarının olacağını desələr də, sonradan həmin qərarı verməyiblər. Rəhbərlik etdiyim idarəyə daxil olan tapşırıqların düzgün tərtibatına fikir vermişəm və tapşırıq tam doldurulmadıqda tapşırığı verən idarənin rəhbərliyi ilə danışıb bu barədə onları məlumatlandırmışam. Lakin hərdən elə olub ki, həmin idarələrin rəhbərləri tapşırıqda olan nöqsanları aradan qaldıracaqlarına və qulaq asma ilə bağlı məhkəmə qərarı olmasını desələr də sonradan həmin nöqsanları aradan qaldırmayıblar. Mən də tapşırıqda nazirin icazəsi barədə imzasının olduğunu görüb məcbur olaraq həmin tapşırıqların icrasına göstəriş vermişəm. Rəhbərlik etdiyim idarədə telefon danışıqlarına qulaq asma texniki tədbir həyata keçirilərkən müstəsna hallarda icraçı tərəfindən təşəbbüskara birbaşa obyektin hansı ərazidə olması, telefonla kiminlə, hansı danışıqları aparması barədə məlumatlar verilib.

Bu, təşəbbüskarların xahişi əsasında əməliyyat tədbirləri keçirilərkən olub, lakin biz belə hallarda işçilərə üstü örtülü, yəni açıq olmamaq şərti ilə məlumatların verilməsinə icazə vermişik. Məlumatlar da yalnız nazirliyin işçilərində olan daxili xidməti telefonlar vasitəsi ilə verilib, başqa telefonlarla məlumatların təşəbbüskara verilməsi qadağan olunub.

Əməliyyat-Texniki İdarəyə hər-hansı bir telefona qulaq asılması üçün tapşırıq daxil olduqda icrasını birbaşa idarənin 1-ci şöbəsinin mütəxəssisi Təranə Adıgözəlovaya və 2-ci şöbənin rəisi vəzifəsini icra edən Elşad Əzizova həvalə edirdim. Tapşırıq 1-ci şöbənin mütəxəssisi Təranə Adıgözəlovaya daxil olduqda o, texniki cəhətdən nömrəni qulaqasmaya qoşurdu, 2-ci şöbənin rəisi Elşad Əzizov isə qulaqasma tədbirinin keçirilməsini rəhbərlik etdiyi şöbənin konkret əməkdaşına həvalə edirdi.

Əgər telefonlara Əməliyyat-Texniki İdarədə qulaq asma tədbirinə dair müvafiq sənədləşmə aparılmayıbsa, deməli həmin nömrələrə yalnız sabiq nazir Eldar Mahmudovun şifahi göstərişinə əsasən mən də işçilərimə şifahi qaydada həmin telefonlara qulaq asılmasına dair göstəriş vermişəm. Sabiq nazir Eldar Mahmudovun göstərişi olmadan mən sənədləşməsiz həmin telefonlarla aparılan danışıqlara qulaqasma tədbirinin həyata keçirilməsinə göstəriş verməzdim”.

Qeyd edək ki, Natavan Mürvətova Cinayət Məcəlləsinin 302.2-ci ( Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma; gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

(qafqazinfo.az)

Xəbərin vaxtı: 30-12-2016
Oxunma sayı: 638

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...