Maaş almayan fəhlələr üsyan etdi: “Xəzər inşaat” insanları necə aldadır?

 
Dekabrın 21-də Heydər Əliyev prospektində yeni tikilən sağlamlıq mərkəzinin fəhlələri etiraz aksiyası keçiriblər. Onlar aylardır maaşlarını ala bilmədiyinə görə binanın damına çıxaraq etirazları belə bildiriblər. 

Millətinsəsi.info-nun məumatına görə, Politika.Az yazır ki, onlar uzun müddətdir "Xəzər inşaat” MMC-də çalışır. Bəziləri 6, bəziləri 8 aydır ki, maaşlarımızı ala bilmir. 

"100-dən çox fəhləyik, hara müraciət edəcəyimizi bilmirik. Prezidentə müraciət etsək də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olsaq da problemi həll olunmayıb”. 

Hadisə yerinə polis və şirkət təmsilçiləri gəlsə də məsələ müsbətə doğru həll olunmayıb. Şirkət təmsilçiləri bildiriblər ki, onlar da dövlətdən pul gözləyirlər, alan kimi fəhlələrin də məvacibi ödəniləcək. Onlar bildirblər ki, ayın axırına qədər məsələ həllini tapacaq.

"Xəzər inşaat” MMC adı müxtəlif qalmaqallarda hallanıb. Şirkətin Yeni Günəşlidə ucaltdığı göydələnlər penoplastla üzlənib. Həmin binalardan bir neçəsi artıq istifadəyə verilib. 

Binalar hələ tikilməmişdən qabaq burdan mənzil alan vətəndaşlar binanın penoplastla üzlənəcəyinə etiraz etmişdilər. Lakin şirkət rəhbərliyi həmin materialların yanğına davamlı və təhlükəsiz olduğunu deyərək insanları inandırmışdı. 

Binəqədidə baş vermiş yanğın hadisəsi süni fasadların nə dərəcədə təhlükəli olduğunu göstərdi. Günahsız insanlar, körpələr həyatını itirdi. Yerli icra hakimiyyəti orqanlarına tez alışan süni fasadla bəzədilmiş binaların hamısının üz hissəsinin sökülməsi haqda tapşırıq verilib. 

"Xəzər İnşaat XXI əsr” MMC-nin rəhbərliyi isə hələ də gözləmə mövqeyi tutur. Penoplast üzlüklərin sökülməsi ləngiyir". 

Araşdırmalar nəticəsində o da bəlli oldu ki, sözügedən şirkət Beynəlxalq Bankın maliyyə dəstəyi əsasında vətəndaşlara 1-10 il müddətinə ipoteka kreditləri təklif edir: 

"Mənzillərin ilkin satış qiyməti bazarın tələblərinə cavab vermir. Manatın devalvasiyasına qədər şirkət mənzillərin satışını milli valyuta ilə aparırdı. Manat ucuzlaşandan sonra qiymətlər dollarla hesablanmağa başladı. 

Bu şirkətin fəaliyyətində yetərincə qüsur var. Ucuz və keyfiyyətsiz materiallardan istifadə edib vətəndaşlara baha qiymətə mənzil satırlar. 

Penoplast üzlüklər, keyfiyyətsiz tikinti və baha məbləğdən əlavə olaraq reklam süjetində vətəndaşları ələ salırdılar. 

Tikinti firmasının video çarxı sosial şəbəkələrdə gülüşlə qarşılanıb. ATV telekanalında yayımlanan reklamda guya mənzillərin ucuz başa gəldiyi barədə dialoq nümayiş etdirilir. 

Olduqca bayağı və şit bir reklamda qohumlar evə qonaq gəlir. Sonra ev yiyəsindən soruşurlar ki, gözəl mənzildir, yəqin ki baha qiymətə almısınız. Evin xanımı da sevincək şəkildə dişlərini ağardıb, gülərək "niyə ki? çox pulumuz çıxmadı, evimizi 20 illik kreditə götürmüşük”. 

Belə bir reklam ideyasının müəllifi kimdirsə ona heykəl qoymaq lazımdır, "Oskar” mükafatı verilməlidir. 
Kimə 20 illik kreditlə mənzil aldığını söyləsən adama yazığı gələr, heç olmasa krediti vaxtında ödəyə bildiyini adamdan soruşar. 

"Xəzər İnşaat XXI əsr" MMC rəhbərliyi və reklam ssenarisinin müəllifləri isə 20 illik evin çox ucuz qiymətə gəldiyini iddia edir. 

Bu da azmış kimi, reklamda deyilir ki binalar çox uzaqda deyil, Yeni Günəşlidə yerləşir. Bu da daha böyük biabırçılıqdır. Yeni Günəşli nə zamandan şəhərin mərkəzinə yaxın massiv hesab olunur? Beləliklə, tikinti firması bir reklamla özünü rüsvay edib. 

Şirkətin mövqeyini dinləməyə hazırıq.

Xəbərin vaxtı: 23-12-2016
Oxunma sayı: 481

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...