Səlim Müslümov: "Özəl sektor üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edib"


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhalinin sosial müdafiəsinin bütün istiqamətləri üzrə maliyyə təminatı normal səviyyədə həyata keçirilir. Millətinsəsi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
 
Nazir qeyd edib ki, cari ilin 11 ayında Fondun büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 9% və ya 235 mln. manat artaraq 2,9 mlrd. manata çatıb: "Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% və ya 103 mln. manat artmaqla 1,7 mlrd. manat olub. Müsbət məqamlardan biri kimi, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edib. Cari ilin yanvar-noyabr aylarında bu sektordan daxilolmalar sosial sığorta haqlarının 64%-ini və ya 1087 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3% və 54,5 mln. manat çoxdur. Daxilolmaların səviyyəsinin mütəmadi artımı Fondun xərclərinin 98,2%-ini təşkil edən pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə şərait yaradıb".
 
S. Müslümov əlavə edib ki, 2016-cı ilin 11 ayında Fondun büdcəsindən əmək pensiyaları üzrə xərclərə əvvəlki ilin müvafiq dövrünə nisbətən 216 mln. manat və ya 8,4% çox vəsait yönəldilib. "Sosial sığorta müavinətləri üzrə ödənişlərin məbləği isə 15 mln. manat artaraq 82 mln. manata çatıb", - deyə o bildirib.

Xəbərin vaxtı: 22-12-2016
Oxunma sayı: 231

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...