Dağlıq Qarabağ və Rusiyanın dəyişməyən siyasəti

Dağlıq Qarabağ və Rusiyanın dəyişməyən siyasəti


1988-ci ildən körüklənən Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda regional sabitliyə ən böyük təhlükə olaraq görülür. Atəşkəs müqaviləsinin imzalanmasından 20 ildən çox keçməsinə baxmayaraq Azərbaycan və Ermənistan heç cür mövqelərini yaxınlaşdıra bilmirlər. Əksinə, son illərdə cəbhə xəttində intensiv atışmalar və bunun arzuolunmaz nəticəsi kimi insan itkilərinin sayı artıb. Tərəflərin artilleriyadan istifadə etməyə başlaması isə Qarabağda kiçik müharibənin olacağı riskindən xəbər verir.

Münaqişənin qızğın vaxtında - 1992-ci ilin martında yaradılan ATƏT-in Minsk qrupu isə ABŞ, Rusiya və Fransa kimi həmsədr ölkələrin simasında tarixi düşmənçiliyə və dözümsüzlüyə əsaslanan Qarabağ münaqişəsinin həllində vasitəçi funksiyalarını tam miqyasda icra edə bilmirlər. Daha avtoritet və səlahiyyətli qurumun, məsələn, BMT-nin prosesə qoşulması isə inandırıcı görünmür. Məhz buna görə “dondurulmuş münaqişə” kimi təqdim edilən Dağlıq Qarabağ problemi ölü nöqtədən tərpənmir.

Amma münaqişənin həll olunmamasında həmsədr ölkələrin qərəzi və ikili standartları da aşkar sezilir. Unutmayaq ki, 2008-ci il martın 14-də Dağlıq Qarabağ və işğal olunan ətraf ərazilərlə bağlı Azərbaycan tərəfinin hazırladığı qətnamə səsverməyə qoyulan zaman qətnaməyə (bir sözlə, Azərbaycanın ərazi bütövlüyünə) qarşı çıxan 7 ölkədən 3-ü ABŞ, Fransa və Rusiya idi. Həmin vaxt rəsmi Bakı xarici işlər nazirinin müavini Araz Əzimovun simasında qətnamənin əleyhinə çıxan ölkələrlə “münasibətləri dəyişəcəyi” ilə bağlı siqnal versə də, reallıqda dəyişən bir şey olmadı.

Bu kontekstdə ABŞ və Fransadan fərqli olaraq Qafqaz regionunun ənənəvi oyunçusu olan Rusiyanın Qarabağ problemindəki müsbət və mənfi roluna nəzər salmağa dəyər. Münaqişə başlayandan proseslərin Moskvadan idarə olunduğu, “KQB” və müxtəlif təxribatçı qruplar hesabına süni alovlandırıldığı deyilirdi. Həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətində bu günə qədər Rusiya ordusunun Qarabağdakı aktiv hərbi əməliyyatlarda iştirak etməsi, situasiyadan asılı olaraq tərəflərdən birini dəstəkləməsi, 1994-cü ilin Bişkek protokolundan sonra isə vasitəçi kimi status-kvonu qoruyub-saxlamağa çalışması barədə söhbətlər dolaşır.

Doğurdan da, danışıqların davam etdiyi 20 illik zaman kəsiyində Rusiyanın münaqişəyə dinamika deyil, gərginlik gətirdiyi aşkar görünür. Məsələn, 2010-cu ildən Azərbaycana bir neçə milyard dollarlıq silah satan Rusiya regionda güc balansının rəsmi Bakının xeyrinə dəyişməsində rol oynadı. Əsasən hücum silahları - S-300 zenit-raket kompleksləri, T-90 tankları, “Toçka-U” sistemləri və döyüş təyyarələrinin olduğu silah arsenalı Azərbaycan ordusuna bir neçə saat ərzində Qarabağa hərtərəfli zərbələr endirməyə imkan verirdi.

Lakin ardınca Minsk qrupunun həmsədri Rusiya Ermənistana da hərbi yardım göstərməyə başladı və 200 milyon dollarlıq güzəştli kredit ayırdı. Belə deyək, tərəflər arasında hərbi balansı saxlamaq və onlardan heç birinin döyüş meydanında aşkar üstünlük qazanmaması Putin Rusiyasının yeni taktikasıdır. İlham Əliyev və Serj Sərkisyan arasında danışıqların ATƏT-in Minsk qrupu formatından çıxarılaraq daha nüfuzlu dairələrdə aparılmasını istəyən və bunun üçün prezidentlərin sıx-sıx görüşməsini təşkil edən Dmitri Medvedevdən fərqli olaraq Vladimir Putin məhz bunu istəyir. Putin prezidentliyinin heç bir dönəmində Qarabağla bağlı sülh təsəbbüşkar kimi çıxış etmir və yalnız digər həmsədr ölkələr - ABŞ və Fransa fəallaşdırdan sonra müəyyən təkliflər verir.

Bu fonda Moskvanın son pozitiv təşəbbüsü 2014-cü ilin iyul-avqust aylarında cəbhədəki intensiv atışmalardan sonra Soçidə prezidentlərin görüşünün keçirilməsi oldu. Məhz həmin görüş cəbhədə gərginliyin azalması üçün siqnal oldu. Rusiyanın Qarabağ məsələsində ən böyük təsir rıçaqlarına (xüsusən Ermənistan rəhbərliyinə) malik olduğu bu hadisədən sonra aşkar göründü. Beləliklə, Qarabağ münaqişəsinin nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə həll olunmasını istəməyən Kreml hələ uzun illər münaqişəni gah gərginləşən, gah da səngiyən münaqişə fazasında saxlamaq niyyətindədir.
Vüqar İsmayılov

Xəbərin vaxtı: 10-09-2015
Oxunma sayı: 305


Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: