“Dövlətqaçqınkom” köçkünlərə verdiyi mənzilləri niyə geri alır...


Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi boş qalan mənzillərin geri alınaraq ehtiyacı olan məcburi köçkünlərə verilməsi prosesini davam etdirir.
Millətinsəsi.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib.

O deyib ki, məsələ Komitə rəhbərliyinin birbaşa nəzarətindədir:

"Bildiyiniz kimi məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə Komitənin nümayəndəlikləri, Mənzil Kommunal və Texniki Xidmət Sahələri fəaliyyət göstərir. Həmin qəsəbələrdəki işlər gündəlik olaraq Komitə rəhbərliyinin nəzarətindədir.
Bir müddət əvvəl məcburi köçkünlərə xəbərdarlıq etmişdik ki, boş mənzillər geri alınacaq və ehtiyacı olanlara veriləcək. Bu məsələ yalnız xəbərdarlıq edilən zaman deyil, bütün müddət ərzində diqqət mərkəzindədir. Burada məqsəd boş mənzillərin aşkara edilərək ehtiyacı olan ailələrə verilməsini təmin etməkdən ibarətdir. Proses davam edir. Onu da qeyd edim ki, qəsəbələrdə boş mənzillər yoxdur, eyni zamanda yeni evlər tikilmir”.

Geri alınan mənzillərin konkret sayında gəlincə, E.Qədimov dəqiq informasiyaya sahib olmadığını bildirib:

"Bu barədə dəqiq informasiya yoxdur. Amma bir daha bildirirəm ki, belə hallar aşkarlanarsa, həmin mənzillər dərhal geri alınaraq ehtiyacı olanlara veriləcək”.
 
Xatırladaq ki, 2015-ci ilin noyabrında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi məcburi köçkünlərə evlərinin onlardan geri alınacağı ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıq bir neçə yerdə evi ola-ola, məcburi köçkünlər üçün salınan qəsəbələrdə də qeydiyyata düşənlərə şamil edilirdi. Bildirilirdi ki, vətəndaşlar 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onların yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişləri müvəqqəti dayandırılacaq. Amma bu qərarın Dağlıq Qarabağda girov düşən və orada ölən şəxslərin ailələrinə şamil edildiyi qeyd olunmamışdı.

Xəbərin vaxtı: 13-12-2016
Oxunma sayı: 241

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...