“Manatın dəyərdən düşməsi sürətlənəcək” - Tam üzən məzənnə


İqtisadçı ekspert Natiq Cəfərli 2017- ci ildə manatın tam üzən məzənnə rejiminə keçəcəyi ilə bağlı Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə qeyd olunanlara münasibət bildirib.

Ekspert qeyd edib ki, manatın tam üzən məzənnə rejiminə keçilməsi məsələsində bəzi anlaşılmazlıqlar yaranıb: "Keçən ilin dekabrın 21-dən sonra Mərkəzi Bank manatın üzən məzənnə rejiminə keçməsi ilə bağlı qərar verdi. Üzən məzənnə prinsipinə uyğun olaraq ölkədə manatın məzənnəsinin müəyyən olunacağı bildirilirdi. Mərkəzi Bankın rəhbərliyi də, hökumət də üzən məzənnə sisteminin olduğunu deyirdi. Birdən-birə isə tam üzən məzənnə rejimi ilə bağlı qərarın olduğunu bəyan etdilər.

Əslində "tam üzən məzənnə” termini olmur. Normal iqtisadi modellərdə birjalarda oyunçular vasitəsilə milli valyutanın məzənnəsi müəyyən olunur. Qonşu ölkələrimiz olan Rusiyada rublun, Qazaxıstanda təngənin, Gürcüstanda larinin məzənnəsi bu cür müəyyən olunur. Buna heç kim üzən məzənnə də demir. Bunu normal bir iqtisadi proses kimi qavrayırlar. İndi tam üzən məzənnəyə keçid elan edilirsə, çox güman ki 2017- ci ildə manatın məzənnəsində daha ciddi dəyişikliklər gözləniləcək. Hökumət və Mərkəzi Bank manatın məzənnəsini aşağı səviyyələrdə uzun müddət saxlamaqda maraqlı deyillər, yəni indiki səviyyəni belə aşağı hesab edirlər. Gələn il üzən məzənnə rejiminə tam keçiddən sonra manatın dəyərdən düşməsi daha da sürətlənəcək”.

N. Cəfərli əlavə edib ki, tam üzən məzənnə sisteminə keçmək üçün isə Azərbaycanda şərait yoxdur: "Birjalarda valyuta sata biləcək oyunçular yox səviyyəsindədir. Mərkəzi Bank və Dövlət Neft Fondundan sonra bazarda valyuta sata biləcək üçüncü oyunçu yoxdur. Ona görə də adını nə qoyurlarsa qoysunlar, gələn il də məzənnəni Mərkəzi Bank müəyyən edəcək. Çox güman ki, indikindən daha zəif bir məzənnəni biz 2017-ci ildə müşahidə edəcəyik”.

(qafqazinfo.az)

Xəbərin vaxtı: 10-12-2016
Oxunma sayı: 250

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...