“Pulları Beytulla Hüseynova vermişəm" - “RABİTƏ İŞİ”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə günün ikinci yarısında təqsirləndirilən Emin Məmmədov sualları cavablandırıb. Bildirib ki, Beytulla Hüseynovla birlikdə 2 milyon 300 min manatı mənimsəməsi düzgün deyil: "Mən şirkətin gəliri olan pulların ağzın bağlayıb Beytulla Hüseynova vermişəm. Ayda 2 min manat almışam. Onunla bir müddət birlikdə işlədik, sonra ayrıldıq. "Paket” sözünü burada eşitmişəm. Bizim səhvimiz odur ki, nazirlikdə tikintiyə nəzarət edən adam olmayıb. Heç olmasa, nazir müavini səviyyəsində kimsə olmalı idi. Pul almışam, danmıram, lakin işləmişəm. Vergimi son qəpiyinə qədər ödəmişəm. Ancaq istintaq məbləği 80 faiz artırıb".
 
Proses dekabrın 9 da davam edəcək.
 
***
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən "Optik Rabitə Tikinti Quraşdırma" MMC-nin baş mühasibi olmuş Səhrab Hümbətov ifadə verib. O bildirib ki, ayda 400 manat maaş alıb və ittihamda yazılan 32400 manatı mənimsəməyib: "Qızım xəstədir. Onun müalicəsi üçün pul lazım olanda Namazalı müəllimə müraciət edirdim".
 
Vəkillərin suallarını cavablandıran S. Hümbətov deyib ki, 6 milyon 900 min manatı mənimsəməyə cəhd etməyib və nədə ittiham olunduğunu bilmir: "Mən həbs olunanda Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin bizə 16 milyon borcu var idi".
 
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Namazalı Məmmədov isə S. Hümbətovun qızının müalicəsi üçün pulu xeyriyyəçilik məqsədi ilə öz hesabından verdiyini deyib.
 
Təqsirləndirilən "Rabitə Mülki Tikinti" MMC-nin müdiri olmuş Emin Məmmədov ifadə verərk, bildirib ki, ittiham əsassızdır: "Əlavə xərclər hesablanmayıb, əmsallar düzgün yazılmayıb. Həbs edəndə də ədaləti gözləmək lazımdır. Mən cızıqdan kənara çıxmamışam. Hamı necə işləyib, biz də elə işləmişik".
 
Proses günün ikinci yarısında davam edəcək.
 
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
 
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
(apa.az)

Xəbərin vaxtı: 07-12-2016
Oxunma sayı: 399

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...