Valentina Matviyenko: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər ölkələrdən daha çox səy göstərir"

 

"Rusiya müharibənin yenidən başlamasını istisna edən siyasi həlli davamlı dəstəkləyərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər ölkələrdən daha çox səy göstərir". APA-nın məlumatına görə, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan səfəri öncəsi "news.am" saytına müsahibəsində deyib.

 

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi  postsovet məkanında ən uzun sürən münaqişələrdən biridir: "Münaqişə hələ Sovet İttifaqı zamanında başlayıb və 30 ilə yaxındır davam edir. Hesab edirəm ki, hər kəsə bu gün aydın olmalıdır ki, münaqişə heç bir tərəfə problemdən başqa heç nə vermir. Onun həlli yollarının axtarılması da ləng gedir. Öz adımızdan deyə bilərəm ki, Rusiya digər ölkələrdən daha çox səy göstərir. Rusiya aktiv şəkildə ATƏT və BMT platformalarında problemin həlli üçün çalışır, Azərbaycan və Ermənistan rəhbərliyi ilə ikitərəfli danışıqlar aparır. Bizim münaqişə ilə bağlı mövqeyimiz davamlıdır. Rusiya müharibənin yenidən başlamasını, qan tökülməsini və humanitar faciə riskini istisna edən siyasi həlli dəstəkləyir”.

 

V. Matviyenko münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaq üçün Azərbaycan və Ermənistan parlament üzvləri, iş adamları, mədəniyyət və elm xadimlərinin görüşlərinin vacibliyini qeyd edib: "Bu kimi əlaqələr xalqlar arasında etimadın bərpasına xidmət edir. Bu isə siyasi həll tapıldıqda onun uğurla həyata keçirilməsi üçün vacib amildir”.

 
O bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün əlindən gələni edir. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanın mövqeyi çoxdan bəllidir:   Rusiya münaqişənin dinc yolla nizamlanması üçün əlindən gələni edir, həmçinin ATƏT-in  Minsk Qrupu çərçivəsində də səy göstərir”, deyə Valentina Matviyenko qeyd edib.  

 

Rusiya Federasiya Şurasının sədri Dağlıq Qarabağ münaqişəsinin 30 ildir həll olunmadığını, onun postsovet məkanında ən uzun sürən münaqişə olduğunu qeyd edib: "Sözsüz ki, bu münaqişə tərəflərin heç birinə, istər iqtisadi, istər sosial, istərsə də humanitar nöqteyi-nəzərdən, yaxşı heç nə vermir. Ən əsası isə,  Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda daim gərginlik ocağı olaraq qalmaqdadır”.

 

"Təəssüf ki, münaqişə çox uzanıb, lakin biz əminik ki, o yalnız dinc yolla, diplomatik kanallarla, güc tətbiq etmədən həll edilməlidir”, Rusiya Federasiya Şurasının sədri qeyd edib. Matviyenko Rusiyanın münaqişənin dinc yolla həllinə dair bundan sonra da səylər göstərəcəyini vurğulayıb. "Münaqişənin həlli tək Ermənistan və Azərbaycanın deyil, bütün regionun marağındadır”, deyə Matviyenko qeyd edib. 



Xəbərin vaxtı: 02-11-2015
Oxunma sayı: 208

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...