Şadlıq evlərində "AĞLAŞMA"


Devalvasiya digər sahələrə təsir göstərdiyi kimi, şadlıq evlərindən və restoranlardan da yan keçməyib. Paytaxtdakı restoranlarda keçirilən toyların sayında xeyli azalma müşahidə olunur. Hazırda isə Məhərrəmlik ayı ilə əlqədar toylara ara verilib.

Millətinsəsi.info bildirir ki, bəzi restoran və şadlıq evlərinin administratorları yaranmış vəziyyətlə əlaqədar Modern.az-a danışıblar.

"Monte Karlo” şadlıq evinin Kamal adlı baş administratoru  devalvasiyadan sonra toy edənlərin sayında azalma olduğunu təsdiqləyib.

" Amma yenə də biz "Monte Karlo” olaraq öz prestijimizi qoruyub, saxlayırıq. Xidmətlərimizin və ərzaqlarımızın keyfiyyətini daha da artırmışıq. Biz müştərilərə qiymət artımı etməmişik. Məhərrəmlik ayıdır deyə, toylarımız olmur. İndi sifarişlər qəbul edirik. Düzdür, sifarişlərin sayı da qənaətbəxşdir. Amma yenə də əvvəlki illərə baxanda azdır. Əvvəllər bir ay ərzində 30 toy olurdusa, indi 10, 15-i olur”.

"Oscar” şadlıq evinin Natiq adlı baş administratoru deyib ki, devalvasiya restoran biznesinə ciddi zərbə vurub:

"Toyların  sayında azalma var. Hazırda Məhərrəmlik ayı olduğu üçün toy keçirilmir. Amma Məhərrəmlikdən sonra toy etmək üçün sifarişlər azdır. Bizim restoranda sifarişçinin istəyindən asılı olaraq hər qiymətə toy etmək olar”.

"Xəmsə” şadlıq evindən bildirilib ki, toyların azlığı ilə bağlı onlarda hər hansı bir narazılıq yoxdur. 

"Keçən ay 30 gün restoranımızda toy keçirilib. Məhərrəmlikdən sonra da toy etmək istəyənlərin müraciəti heç də az deyil. Demək olar ki, hər gün üçün toy etmək istəyənlərlə bağlı sifarişlər qəbul edirik. Qiymətlərə gəldikdə isə çox da baha deyil”.

"Yeganə” şadlıq sarayından sorğumuza cavab verən Azər adlı baş administratorun sözlərinə görə, ötən ay və ondan qabaqkı aylarda da toy etmək istəyənlərin sayı çox az olub. 

"Hazırda Məhərrəmlik ayı olduğundan toy etmək istəyənlərin sifarişlərini qeydə alırıq. Hələ Məhərrəmlik ayının bitməsinə bir ay var. Ondan sonra restoranımızda nə qədər toyun keçiriləcəyini biləcəyik. Bizim restoranımızın qiymətləri normaldır. Heç bir qiymət artımı baş verməyib”.

"Su Sonası” şadlıq evindən deyiblər ki, ümumi vəziyyət normaldır. 

"Biz müştəriləri cəlb etmək üçün müəyyən kampaniyalar keçiririk. Buna misal olaraq qiymətlərin aşağı salınmasını göstərmək olar. Hazırda Məhərrəmlik ayıdır. Ona görə də toylar keçirilmir. Amma növbəti aylar üçün sifarişlərimiz olur”.

Xəbərin vaxtı: 02-11-2016
Oxunma sayı: 210

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: