Əli Həsənov: “İlham Əliyev Sarkisyanı elə şoka saldı ki, o cavab verə bilmədi”


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov sentyabrın 21-də ölkəmizdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul etmişdir.
Millətinsəsi.info xəbər verir ki, Baş nazirin müavini Əli Həsənov İsmayıl Alper Coşkunun ölkəmizdəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirmiş, ölkələrimiz arasındakı əməkdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə etmiş və diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Azərbaycan ilə Türkiyənin dünya miqyasında ən sıx əlaqələri olan ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Baş nazirin müavini səfir İsmayıl Alper Coşkunun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxlu sayda tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğuladı.
 
Əsasən ölkəmizdəki qaçqın və məcburi köçkünlərin ümumi vəziyyəti və gələcək əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılan görüşdə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinin əsasında qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. Heydər Əliyev Türkiyə ilə Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi və bu əlaqələrin günbəgün möhkəmlənməsi üçün uzaq gələcəyə hesablanmış tədbirlər görürdü.
 
 
 Əli Həsənov qeyd edib ki, tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir. Azərbaycan-Türkiyə birliyi tarixi birlikdir və bu birlik əsrlər boyu davam edəcək. Diasporlarımız da ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər keçirir. Türkiyə Dağlıq Qarabağ münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini dəstəkləyib. Bu gün bütün türk və müsəlman dünyası erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır.
 

Bu gün Azərbaycan və Türkiyə çox yaxın əlaqələrə malikdir, - deyən Əli Həsənov əlaqələrin məhz həmin tarixi kökə və qardaşlığa söykəndiyini diqqətə çatdıraraq qeyd etmişdir ki, bu əlaqələrin hazırkı səviyyəyə gəlib çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri, Türkiyənin daim Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olması önəmli əhəmiyyət kəsb edir.
 
 
 Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Əli Həsənov bu sahədə də qardaş Türkiyənin dəstəyini yüksək qiymətləndirərək öz havadarlarına arxalanan Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyindən təəssüfləndiyini bildirmiş, bu münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu bir daha vurğulamışdır.  O, qeyd etmişdir ki, Ermənistanın təcavüzkar və qeyri konstruktiv siyasəti bu münaqişənin həllinə mane olur. Azərbaycan prezidenti dünya ölkələrinin rəhbərlərinin də iştirak etdiyi ən mühüm tədbirlərdə belə Ermənistan Prezidentinin layiqli cavabını verir və onun işğalçılıq siyasətini açıb bütün dünyaya göstərir. Misal üçün, MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında Prezident İlham Əliyevin Serj Sarkisyana tutarlı cavabı onu şoka elə saldı ki, o, hətta cavab verə bilmədi.
 
 
      Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar barədə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Onlar üçün 94 müasir qəsəbə salınıb və indiyədək həmin qəsəbələrə 243 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir. "Bu gün qaçqın və məcburi köçkünlər üçün bütün lazımi şəraitlər yaradılsa da onların yeganə arzusu öz doğma yurd-yuvalarına qayıtmaqdır. Biz əminik ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar”, - deyə Əli Həsənov vurğulayıb.
 
 
     Səfir İsmayıl Alper Coşkun səmimi qəbula və hərtərəfli məlumata görə minnədarlığını ifadə edərək Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulamış, Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etmiş və bu baxımdan qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin böyük önəm daşıdığını vurğulamışdır.

Xəbərin vaxtı: 22-09-2016
Oxunma sayı: 183

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: