Sərdar Cəlaloğlu: “Mitinq təşkil edənlərin əlavə divident qazanmaq istəkləri var”


"Mitinqlər demokratik bir prosedurdur. Eyni zamanda, mitinqlərin keçirilməsini vacib hesab edirəm və yüksək qiymətləndirirəm”.
Millətinsəsi.info xəbər verir ki bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP)sədri  Sərdar Cəlaloğlu deyib.
Partiya sədri, müxalifət partiyalarının ayrı-ayrı tarixlərdə mitinq keçirməsini doğru hesab etmədiyini bildirib.
"Müxalifət mitinqlərinin ayrı-ayrı keçirilməsini doğru hesab etmirəm. Bu gün bir partiya, sabah bir başqası,  o biri gün də başqası mitinq keçirir. Bu, doğru deyil. Əgər bu mitinqlər ümummilli məsələlərə həsr olunubsa, artıq hansısa partiyanın öz maraqlarından çıxış etməsi düzgün olmaz. Düzdü, mitinqlərdə ümumi şüarlar səsləndirilir, amma, pərdə arxasında mitinq təşkil edənlərin əlavə divident qazanmaq istəkləri də var. Ona görə də birgə keçirilməlidir. Bu, mənim fikrimdir. Kim necə düşünürsə, özü bilər”.
Sərdar Cəlaloğlu müxalifətin mitinqlərinə qatılmayacağının səbəblərini də izah edib.
"Əvvəla, qərar qəbul etmişik ki, Referendum prosesində iştirak etməyəcəyik. Həmçinin, partiya üzvlərimiz mitinqlərdə iştirak etmək məsələsində azaddırlar. Kim istəsə, mitinqlərdə iştirak edə bilər.  Mənim mitinqlərdə iştirak etməyimə gəlincə, partiya sədriyəm. Partiyanın qəbul etdiyi qərara görə,  mitinqlərdə iştirak etməyim etik baxımdan düzgün olmaz. Üstəlik, mitinqi bir partiya, bir təşkilat keçirir. Siyasi etika baxımından bir partiya rəhbəri kimi gedib iştirak etməyim düzgün deyil. Amma, müxalifət ümumi şəkildə mitinq etsəydi, adi vətəndaş kimi gedib iştirak edərdim”.
Qeyd edək ki, ölkədə,  referendumqabağı  müxalifət partiyaları ard-arda mitinq keçirir. Sentyabrın 13-də Milli Şura və AXCP birgə mitinq keçirib. Növbəti mitinqlərə Müsavat Partiyası hazırlaşır. Mitinq sentyabrın 18-nə təyin olunub.
Bundan bir gün öncə, sentyabrın 17-də Milli Şura mitinq keçirəcək.

Xəbərin vaxtı: 17-09-2016
Oxunma sayı: 281

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...