Zəlzələdən sonra açıq havada gecələyən ailə

Zəlzələdən sonra qəzalı vəziyyətə düşən ev, İmişli, sent.2016
Zəlzələdən sonra evi qəzalı vəziyyətə düşən ailə açıq havada gecələyir

«Qoca atam, anam və 6 aylıq körpəmlə hər an uçmaq təhlükəsi olan daxmada yaşayıram. Özüm birinci qrup əliləm. Həyat yoldaşım cəbhə xəttində hərbçi kimi qulluq edir. O qədər imkansızıq ki... Divara bir əl suvaq da çəkə bilmirik».

Millətinsəsi.info bildirir ki, bunu AzadlıqRadiosu-na İmişli rayonu, Mirzə Sadıqcan küçəsi ev 14-də yaşayan Səbinə Talıbzadə danışır.
Onun sözlərinə görə, yaşadıqları ev kərpicdən tikildiyindən rayonda baş vermiş zəlzələnin təsirindən qəzalı hala düşüb. Bu isə 6 aylıq körpənin və səhhətində problemləri olan digər ailə üzvlərinin yaşamasını sual altına alıb:

«Körpə də bizimlə bu yayı həyətdə yatdıq. Evə girməyə qorxuruq. İcra hakimiyyətindən də, Fövqəladə Hallar Nazirliyindən də gəlib baxıb deyiblər ki, «ev hər an dağıla bilər». Qoca atam, anam və körpə balamla hara gedəcəyimizi bilmirik».

Xanımın sözlərinə görə, rayon icra hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev onu qəbul edərək dinləyib, yaşadıqları ünvana gələcəyini və baxış keçirəcəyini, kömək edəcəyini deyib. Gəl ki...

«Hər dəfə körpə uşaqla gedirəm, saatlarla binanın qarşısında dayanıram ki, kimsə dərdimi dinləsin. Bunlarsa sanki ələ salırlar. Deyirlər, «get, gəlib həll edəcəyik», ancaq gəlmirlər. Durumumuz çox ağırdır. Mən artıq rayon məmurlarına inanmıram. Üzümü şəxsən İlham Əliyevə və Mehriban Əliyevaya tutub kömək istəyirəm. Körpəmin ciyərləri hər gün bir az da sıradan çıxır. Öz əlil canımı kənara atıb iki qocanın, bir körpənin canıyla əlləşirəm. Qış gəlir, bizə yazığınız gəlsin. Həyat yoldaşımın səngərdə keşik çəkməsini, özümün əlilliyimi, övladımın çox körpə, valideynlərimin qoca və xəstə olmalarını nəzərə alın. Dövlətə oğul böyüdürəm. 3 aylığından küçədə gecələyən vətəndaş gələcəkdə torpaq, dövlət qoruyacaq...»

Acınacaqlısı odur ki, Səbinə xanım avtoqəza nəticəsində əlilə çevrildiyindən yerimə qabiliyyətindən məhrumdur və hər dəfə icra hakimiyyətinə dərdini deməyə onu xərəkdə aparırlar.

İmişli rayon icra hakimiyyətindən bildirilib ki, qurum əməkdaşları həftəiçi ailənin vəziyyəti ilə maraqlanacaq.

Xəbərin vaxtı: 14-09-2016
Oxunma sayı: 165

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...