Rövşən Rzayev: “Almaniyadan ədalətli mövqe gözləyirik”


"Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrents dünən Bakıya işgüzar səfərə gəlmişdi. O, Milli Məclisdə Almaniya işçi qrupunun üzvləri ilə də görüş keçirdi”.
Bu barədə Millətinsəsi.info-ya açıqlamasında Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev məlumat verib.
Deputat Azərbaycan-Almaniya münasibətlərindən danışaraq bildirib ki, Karin Ştrentisin Bakıya səfəri iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsindən xəbər verir:
"Biz dostluq qrupu çərçivəsində yaxın günlərdə Almaniyada olmuşduq. Almaniyada biz bir çox məsələləri müzakirə etmişdik. Xanım Karin Ştrentsin də Bakıya səfəri və bizimlə görüşməsi iki ölkə parlamentləri və xalqları arasındakı bu dostluq münasibətlərinin davamıdır.
Görüşdə əsas müzakirə mövzusu Almaniya-Azərbaycan arasındakı mövcud münasibətlərin inkişafı və iki tərəfli əlaqələrin daha da irəli aparılması oldu.
Bir neçə ay bundan qabaq da cənab prezident İlham Əliyevin Almaniyaya rəsmi səfər etməsi iki ölkə arasındakı münasibətlərin inkişafından və gələcəkdə bu münasibətlərin daha da dinamik və müsbət formada xəbər verir”.
Rövşən Rzayev söyləyib ki, Almaniyalı parlament üzvünə Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verilib:
"Karin Ştrents ilə görüşdə Almaniya-Azərbaycan münasibətlərinin inkişafı fonunda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın illərdir Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında da məlumat verdik.
Ona bildirdik ki, Dağlıq Qarabağın Ermənistanın işğalı altında qalması bizi çox narahat edir.
Bildiyimiz kimi, bu gün də ATƏT-də sədrlik Almaniyadadır. Ona görə də Almaniya ilə intensiv iş aparmağa Azərbaycan daima maraqlıdır”.
Deputat Azərbaycanın ATƏT-ə sədrlik edən Almaniyadan bu ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe gözlədiyini bildirib:
"Ümumiyyətlə, dünyada belə nüfuza və imkana malik olan bir dövlət  və digər dövlətlər də Dağlıq Qarabağ münaqişəsinin üstündən ötəri olaraq keçməməlidirlər.
Biz də bu ilin sonuna qədər ATƏT-ə sədrlik edəcək Almaniyadan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe gözləyirik”.

Xəbərin vaxtı: 10-08-2016
Oxunma sayı: 147

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...