Səfər Əbiyevin sabiq müavininin şikayəti əsasında keçirilməli olan məhkəmə baş tutmayıb


Bu gün Bakı Apellyasiya Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.
Millətinsəsi.info-nun xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Mehman Səlimovun məhkəməyə gətirilmədiyi məlum olub. Bildirilib ki, Mehman Səlimov saxlanıldığı cəzaçəkmə müəssisəsindən Bakı istintaq təcridxanasına "etap” olunmayıb. Mehman Səlimovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə məhkəmənin məktubu gec çatıb və bu səbəbdən Mehman Səlimovun məhkəməyə gətirilməsi mümkün olmayıb. Mehman Səlimov məhkəməyə gətirilmədiyi üçün proses baş tutmayıb, məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub. O, 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri S.Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.
Bu il aprel ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Xəbərin vaxtı: 03-08-2016
Oxunma sayı: 166

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: