Zərdüşt Əlizadə: “Putin Bakıya almağa gəlir…”

 
Politoloq Zərdüşt Əlizadənin Qaynarinfo.az-a müsahibə müsahibə verib.

Millətinsəsi.info həmin müsahibəni təqdim edir:

– Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı optimist bəyanatlar səsləndirilir. Sizcə, optimizm üçün əsas varmı?

– Optimizm üçün heç bir əsas yoxdur.  Moskva Dağlıq Qarabağ münaqişəsinə Şimali Qafqaz regionunu nəzarətdə saxlamaq üçün ən böyük vasitə kimi baxır. Lavrovun səfərində də fərqli bir nəsə olmadı. Birmənalı olaraq Rusiya münaqişənin tənzimlənməsində maraqlı deyil. Sadəcə Rusiya prespektiv üçün regionda yeni hüquqi tələnin yaradılmasına çalışır. Belə ki, rus hərbçilərini sülhməramlı adı altında münaqişə zonasına yerləşdirməklə regionu əsarətdə saxlamaq istəyir. Rusiyanın bu istəyini yerinə yetirmək üçün istər Ermənistan, istərsə də Azərbaycan hakimiyyətində kifayət qədər müttəfiqləri var.

– Rusiya prezidenti Vladimir Putinin də Bakıya səfəri gözlənilir. Putinin Bakı səfərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəyə ümid etmək olar? 

– Putinin Bakıya gəlməyində əsas məqsədi İran prezidenti Həsən Ruhani ilə görüşməkdir. Bakıda üçtərəfli danışıqlar keçiriləcək. Müəyyən iqtisadi layihələr müzakirə ediləcək. Qarabağ münaqişəsinin həlli ilə bağlı da təbii ki Azərbaycan tərəfi ilə müəyyən danışıqlar olacaq. Nəzərə almaq lazımdır ki, Putin Bakıya almağa gəlir, yəni Rusiyanın və özünün maraqları baxımından danışıqlar aparacaq. Məsələ bu qədər sadədir.

– Erməni mediasında da Lavrovun Bakı və İrəvan səfərlərinin Qarabağ müharibəsinin sülh yolu ilə həll olunması üçün ümidləri artırdığı təbliğ olunur…

– Ümumiyyətlə, erməni mediasında normal düşünən adamlar çox azdır. Bütün ilboyu ermənilərlə antitürk təbliğatı aparılır.  Rusiyanın regiondakı maraqlarına qarşı erməni mediası demək olar səssiz qalır. Təəssüf ki, Azərbaycan mediasında da vəziyyət fərqli deyil.

– Yaxın prespektivdə Qarabağ münaqişəsinin həlli ilə bağlı nə gözləyirsiz?

– Heç nə gözləmirəm. Nə vaxta qədər Rusiyada avtoritar rejim hakimiyyətdədir, münaqişə həll olunmayacaq. Münaqişənin hazırkı vəziyyətdə qalması Azərbaycan və erməni xalqının maraqlarına uyğun olmasa da, hakimiyyətləri tam qane edir.

– Aprel döyüşlərindən sonra Ermənistanın mövqelərindən geri çəkiləcəyi ilə bağlı müəyyən gözləntilər vardı. Bu gözləntilər nə dərəcədə əsaslıdır? 

– Bu gözləntilər Azərbaycanda vardı və hələ də bu davam edir. Amma Ermənistan hakimiyyəti və cəmiyyəti isə bu fikirləri yaxına buraxmaq istəmir. Erməni cəmiyyəti Sərkisyana açıq mesaj verirlər ki, güzəştə getsə bu onun sonu  olacaq. Sərkisyan da açıq mətnlə geri çəkilmək fikrinin olmadığını deyir. Aprel döyüşləri də Rusiyanın regiondakı növbəti bir oyunu idi. 800 hektar ərazinin azad olunması böyük ölçüdə heç nəyi dəyişmir. Aprel döyüşləri bir daha göstərdi ki, Ermənistan və Azərbaycan silahlı qüvvələrində Rusiyanın  böyük təsir gücü var.

Xəbərin vaxtı: 13-07-2016
Oxunma sayı: 83

Loading...
loading...

Bu bölməyə aid digər xəbərlər: