Oqtay Şirəliyev ölkə səhiyyəsini “kolxoz bazarına” çevirib

http://s015.radikal.ru/i330/1509/f2/da6ac83e8997.jpg
Tahir Abbaslı
 
Dövlət xəstəxanaları pullu xidmətdə özəl xəstəxanaları üstələyib

Azərbaycan dövlətinin sütunlarından biri də səhiyyədir. Ölkə müstəqillik qazanandan bu vəzifədə uzun müddət çalışan iki nazir olub – hazırda məhbəsdə olan Əli İnsanov və on ildən çoxdur ki, bu vəzifəni zəbt edən Oqtay Şirəliyev. Bu iki bir-birindən tam fərqli xarakterə malik olan nazirlər müstəqil dövlətimizin səhiyyəsini inkişaf etdirmək, bu sahədə ciddi islahatlar həyata keçirmək əvəzinə demək olar ki, heç bir iş görməyiblər. 1993-cü ildən nazir postuna əyləşdirilən Əli İnsanov səhiyyə sistemini qısa müddətdə tam siyasiləşdirərək "özəlləşdirdi” və özünün şəxsi qazanc mənbəyinə çevirdi və nəticədə harınlayaraq ölkə başçısı olmaq eşqinə düşüb yanlış iddialarından dolayı sonda məhbəsə düşdü. Bu hadisədən sonra hər kəs düşünürdü ki, yəqin ki, ölkə səhiyyəsinə elə bir kadr gətiriləcək ki, Əli İnsanovun bu sahəyə vurduğu maddi və mənəvi zərbənin mənfi nəticələrini aradan qaldırsın və ölkə səhiyyəsini normal inkişaf tempinə qovuşdursun.
İnsafən, Oqtay Şirəliyev səhiyyə naziri postuna gətiriləndə hər kəs zənn edirdi ki, nəhayət, bu sahənin inkişafını təmin edəcək kadr tapılıb. Bu yeniliyə rəğmən hər kəs böyük ümidlə səhiyyə sahəsinin inkişafının sonrakı dövrünün daha parlaq olacağı barədə düşüncələrə və arzulara qapıllmışdı. Lakin Oqtay Şirəliyevin nazirlik fəaliyyətinin birilliyinin tamamından sonra səhiyyə sahəsinin yağışdan çıxıb yağmura düşdüyünü hər kəs anladı. Əli İnsanovdan fərqli olaraq Oqtay Şirəliyev yaxşıya doğru nəinki bir iş belə görə bilmədi, hətta Əli İnsanovun zamanında səhiyyə sistemində az-çox yaxşı olan nə var idisə, onların da tamamən sıradan çıxarılmasına nail oldu. Kadr islahatları pərdəsi altında ən yaxşı mütəxəssisləri vəzifələrindən çıxarıb, onların yerinə özünə yaxın olan bacarıqısız və təcrübəsiz kadrları təyin etməklə ona bağlanan bütün müsbət gözləntilərin puça çıxmasına səbəb oldu.
Hazırda ölkə səhiyyəsinin maddi-texniki bazasından başqa qalan digər sahələrdə hər şey bərbad vəziyyətdədir. Rüşvətxorluq elə həddə gəlib çıxıb ki, dövlət xəstəxanaları ilə özəl xəstəxanalar arasında fərq hiss olunmur. Dövlət xəstəxanaları ilə müqaisədə özəl xəstəxanalarda xidmət nisbətən daha yaxşıdır, lakin burada da qiymətlər həddindən çox bahadır! Buna görə də ölkənin imkanlı insanları xarici ölkələrə-Türkiyəyə, İsrailə, Rusiyaya, Gürcüstana, Ukraynaya və digər inkişaf etmiş Avropa ölkələrinə, imkansız insanlar isə kütləvi olaraq səhiyyə xidməti normal və dərmanları isə Azərbaycandakı apteklərə nisbətən ucuz olan qonşu İrana üz tutur! Çox təəssüf ki, ölkəmizin bəzi dövlət qurumları əhaliyə tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaqla yox, insanların İrana müalicəyə getməsinin qarşısını inzibati maneələri gücləndirməklə almağa cəhd edirlər!
Hazırda ölkə səhiyyəsi elə pis duruma düşüb ki, onun yaxşılığından söz açmaq qeyri mümkündür. Az qala hər gün insan, xüsusən ana ölümləri barədə xəbərlər ölkə mətbuatının gündəmini zəbt edir. Həkimin biri xəstənin xəstə ayağını qoyub sağlam ayağını kəsir, digəri xəstəni müalicə etmək əvəzinə damarını kəsib həyatına son qoyur və bu kimi mənfi halların geniş yayıldığı səhiyyənin naziri Oqtay Şirəliyev isə əvvəlki kimi öz ampuluasında, heç nə olmamış kimi nazir kürsüsündə rahat-rahat mürgüləməyindədir. Soruşan da yoxdur ki, ay evin yıxılmasın, axı, ölkədə səhiyyə adına deyilən bir şey qalmayıb sən hara nazirlik edirsən?! Rüşvətxorluq əlindən xəstəxanalara girmək mümükün deyil. Milli Oftolmologiya Mərkəzi xəstəxanasında hansı göz həkimin qəbuluna düşüb müayinə olunursansa, həkim resept yazıb qurtaradan sonra sözü yanında saxladığı köməkçisinə verib onun vasitəsi ilə hər adamdan 20 manat ödəniş tələb edirsə, day bunun harası dövlət xəstəxanası oldu?!
Bir sözlə, deməklə, yazmaqla səhiyyə sistemində mövcud olan nöqsanları aradan qaldırmaq mümkün deyil! Yeganə yol ölkənin səhiyyə sistemində köklü islahatların aparılması və islahatlara ilk olaraq nazir Oqtay Şirəliyevin özündən başlamaq lazımdır! Əks təqdirdə ölkə əhalisinin sağlamlığının təmin olunmasından söz açmağına belə dəyməz! Çünki, səhiyyənin pis durumda olması millətin genefondunu tam təhlükə altına alır! Bu isə olduqca dəhşətli sonluq deməkdir!!!


Xəbərin vaxtı: 04-07-2016
Oxunma sayı: 1 398

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...