Adil Vəliyev Sabunçunu necə satır?

Adil Vəliyev Sabunçunu necə satır? 
İcra başçısı bir mərtəbəli bina üçün icazə 5000 manat, ikimərtəbəli üçün 8000 manat qiymət qoyub, rayonda şəhid ailələrinə hörmətsizlik edilir 

Bakının ən qəliz və qalmaqallı rayonlarından biri Sabunçudur. Ərazisi böyük olmanqla yanaşı, Nardaran kimi bir qəsəbəni öz sərhədləri daxilində saxlayan rayona isə Adil Vəliyev adlı işini bacarmayan, daha çox maşın alverçisi kimi ad çıxarmış şəxs rəhbərlik edir. 

Milletinsesi.info Politika.Az-a istinadən xəbər verir ki, uzun illər «Porşe» maşınlarının alqı-satqısını həyata keçirən, daha sonra isə bu brendin Azərbaycandakı yeganə nümayəndəsinə çevrilmiş Adil Vəliyev icra başçısı olduqdan sonra da Sabunçu rayonuna avtomobil satış mərkəzi kimi baxır. Elə idarəçiliyi də eyni qaydada həyata keçirir. 

Qeyd edək ki, Adil Vəliyev hal hazırda Sabunçu rayonunda pul qazanmağın çox optimal yolunu tapıb. Digər icra başçıları kimi o da tikinti işlərinə qol qoyub və büdcə vəsaitlərini silmək üçün variantlar üzərində çılışır. Rayonun mərkəzi sayılan Bakıxanov qəsəbəsinin yolları sözün həqiqi mənasında bərbad vəziyyətdədir.

Hətta icra başçısının hər səhər işə gəlib, axşam işdən getdiyi yolları belə piyada gəzmək mümkün deyil. Çünki o qədər çala-çuxur var ki, insanın topuqları ağrıdan sızıldayır. 

Adil Vəliyev üçün önəmli məsələ pul qazanmaqdır. Və bunun üçün də bir sıra addımlar atır. Məsələn, Sabunçu rayonu ərazisində vətəndaş aldığı halal torpağının üzərində onun icazəsi olmadan ev tikə bilməz. Bunun üçün onun iki xüsusi adamı var ki, onlar məşğul olurlar. Onlardan biri Rafael adlı şəxsdir, digəri isə Fuaddır. Rafael əsasən ümümi qəbullar keçirib, vətəndaşları ya başından edir, ya da Fuadın üzərinə göndərir. Fuad isə qiymət oxuma kampaniyasına başlayır və bildirir ki, əgər vətəndaş 1 mərtəbəli ev tikmək istəyirsə, 5000 manat, ikimərtəbəli ev tikmək istəyirsə 8000 manat verməlidir.

Hətta onu da deyir ki, bu puldan bir qəpik də onlara çatmır və yığılan vəsaitlər də birbaşa Adil Vəliyevə verilir. Özü də hesabat hər gün axşam aparılır. 

Verilən məlumata görə, Sabunçu rayonu ərazisində təkcə tikinti ilə əlaqədar yığılan pulun ümumi məbləği günlük 200-250 min manatdır. Bundan başqa, rayon ərazisində tikinti işləri aparan şəxsin kimliyi, statusu da önəmli deyil. Məsələn, Ramana qəsəbəsində özünə ev tikdirən, hazırda Tərtər cəbhəsində qulluq edən tank komandirinin inşaat işləri dayandırılıb. Pul vermədiyi üçün Adil Vəliyevin adamları hətta buldozer gətirərək, evi uçurmağa cəhd ediblər. Məsələ mətbuata çıxan kimi təcili olaraq açıqlama yayan icra başçısı isə özünü gülünc vəziyyətə qoyub. O deyib ki, guya, həmin ev əkin sahəsi üzərində inşa edildiyindən belə bir addım atılıb. 

Sual olunur: Həmin tank komandirinin evinin önündə, yanında və arxasında tikilmiş evlər əkin sahəsinin üzərində deyilmi? Bəlkə, həmin evlərin sahibləri cəbhədə döyüşən zabitimizdən daha çox işlər görürlər? Olmaya, tank komandiri cəbhədə ermənilərə qarşı vuruşduğu üçün Adil Vəliyevin xoşuna gəlməyib? 

Qeyd edək ki, Adil Vəliyev ümumiyyətlə, Sabunçu rayonu ərazisində Qarabağ qazilərinə, şəhid ailələrinə də hörmətsizlik etməsiylə ad çıxarıb. Məsələn, onun adamlarının bu yaxınlarda bir şəhid ailəsinin evini sökdürməsi halı baş verib. Məsələ ilə bağlı yaxın günlərdə geniş araşdırmanın nəticələri barədə məlumat verəcəyik. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Xəbərin vaxtı: 18-05-2016
Oxunma sayı: 97

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...