Mehman Nəbiyev: “Aparılan monitorinqlərdən aydın olur ki, Oxçuçayda nikelin miqdarı yeddi dəfə artıb”

 Mehman Nəbiyev: “Aparılan monitorinqlərdən aydın olur ki, Oxçuçayda nikelin miqdarı yeddi dəfə artıb”
19:14 07-04-2021 | icon 54

“Bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə, Oxçuçayda nikelin, dəmirin və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb”. milletinsesi.info-ın məlumatına görə, bunu Zəngilanda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev bildirib.

Onun sözlərinə görə, mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına qovuşur: “Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. ETSN tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylarından daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə, bu çaylarda nikelin miqdarı yeddi, dəmirinki dörd, mis-molibdenin miqdarı isə iki dəfə normadan artıq aşkarlanıb”.

O bildirib ki,  martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb: “Həmin günlərdə çay hövzəsində bioresursların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi məhv olması aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın çirklənməsini dəfələrlə artırıb. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresursları və ekosisteminə ciddi təhdid yaradır”.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə media nümayəndələri işğaldan azad edilmiş Zəngilan rayonuna səfər çərçivəsində Oxçuçay və Əhəng Dağında olublar. Jurnalistlər orada ermənilərin törətdikləri ekoloji vandalizmin şahidi olublar.

ETSN-nin rəsmisi bildirib ki, Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb: “Hazırda dayandığımız sahə Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsidir. Yatağın ümumi ehtiyatı 6618 min kubmetrdir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb”.

Qeyd edilib ki, işğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb: “Yataqda düşmən tərəfindən aparılan istismarın həcmini və dəymiş zərərin miqdarının müəyyənləşdirilməsi üçün geloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib. Zəngilan rayonunda iki xüsusi mühafizə olunan ərazi yerləşir. Onlardan biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər isə Arazboyu Dövlət Təbiət yasaqlığıdır”.

ETSN-nin rəsmisi bildirib ki, Bəsitçay Dövlət Təbiət qoruğunun ümumi sahəsi 107 hektardır: “Qoruq 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qoruq unikal ekosisteminə görə fərqlənir. Bura Şərq Çinarlarının təbii halda bitdiyi ən böyük ərazidir. Bu ərazinin 100 hektarı Şərq Çinarları, qalanı isə qarışıq meşəlikdir”.

O bildirib ki, qoruğun vadisində Bəsitçay axır: “Çay öz mənsəbini Zəngəzur silsiləsindən alır və 15 kilometr uzunluqda qoruğun ərazisindən keçir. Şərq Çinarı meşəliyi də qoruğun vadisində yerləşir. İlkin monitorinqlərə görə, işğal dövründə erməni vandalizmi nəticəsində 42,8 ha meşə sahəsi məhv edilib”.

Arazboyu Dövlət Təbiət yasaqlığı isə 2200 kvadratmetr ərazini əhatə edir: “Zəngilanın işğalından bir neçə ay əvvəl yaradılmış təbiət yasaqlığıdır. Yaradılmasında məqsəd Arazboyu Tuqay meşələrinin qorunması olub. Təssüf ki, mənfur düşmən tərəfindən Araz çayının məcrası dəyişdirilib. Hazırda olan məlumata görə, həmin ərazidə 1500 hektaradək Tuqay meşələrinin məhv edildiyi məlumdur”.

 




0.29361414909363