Xarici diplomatlar Qubadlıda düşmənin törətdiyi ekoloji terroru öz gözləri ilə gördülər

Xarici diplomatlar Qubadlıda düşmənin törətdiyi ekoloji terroru öz gözləri ilə gördülər
19:19 07-03-2021 | icon 14219

Azərbaycandakı diplomatik korpusların rəhbər və əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri Ermənistan işğalından azad edilmiş Qubadlı rayonuna səfər ediblər.

MillətinSəsi.info xəbər verir ki, onları Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və s. rəsmi şəxslər müşayiət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət əməlləri ilə tanış olmaqdır.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və başqaları müşayiət edirlər.

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Füzuli rayonunun Merdinli kəndinə gəlib, buradakı məscidin hazırki vəziyyəti ilə tanış olublar.

Erməni vəhşiliyi barədə məlumat verən Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, bədnam qonşularımızın törətdiyi vəhşiliklərin ən bariz nümunələrindən biri də Merdinli məscididir. Belə ki, ermənilər bu məscidi tövlə kimi istifadə edərək, nəinki Azərbaycan xalqının, eləcə də bütün müsəlmanların dini hisslərini təhqir ediblər.

Bundan başqa, Azərbaycandakı diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində bu gün Qubadlı rayonunun Qəzyan kəndində Ermənistanın törətdiyi ekoloji terroru öz gözləri ilə görüblər.

Diplomatlar Ermənistanın uzun illər ərzində həyata keçirdiyi ekoloji terror barədə məlumatlandırılıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq qrupu məlumat verib ki, ötən 30 ilə yaxın müddət ərzində Ermənistan işğal etdiyi bu ərazilərdə ekoloji terror törədib, yaşı yüz illər olan nadir ağacları məhv edib.

Bir hektara yaxın ərazidə 82 ədəd müxtəlif yaşlı, əsasən 50-60 illik ağaclar, diametri 70-80 santimetrə çatan tut ağacları məhv edilib. Tut ağacları Həkəri çayı boyunca qırılıb, tut bağları yandırılaraq dağıdılıb. Bəzi kəndlərdə 500-ə qədər tut ağacı məhv edilib.

Yaşı 1500 olan qiymətli ağaclar - Şərq çinarı, Yunan qozu, Araz palıdı kimi nadir ağaclar kəsilib. 107 hektarı əhatə edən Bəsitçay dövlət qoruğunun ərazisində yaşı min illər olan ağaclar yandırılıb, qırılıb. Ermənistan işğal müddətində 228 min hektar meşə ilə örtülü ərazilərin 54 min hektarını məhv edib. Bu ərazilərdə dəfələrlə yanğınlar törədilib.

Diplomatların diqqətinə o da çatdırılıb ki, 168 yerdə yeraltı faydalı qazıntılar uzun illər ərzində istismar olunub, talan edilib.




0.20634698867798