Biləsuvar sakini Ağayrı kəndinin bələdiyyə sədrindən şikayətçidir

Biləsuvar sakini Ağayrı kəndinin bələdiyyə sədrindən şikayətçidir
13:54 28-02-2021 | icon 1198

“Sahələr boş saxlanılır, halbuki onları əkib-becərməklə onlarla adam işlə təmin olunar”

 

Biləsuvar rayonunun Ağayrı kəndində 500-dən çox ailə var, kəndlilərin əsas dolanışıq yeri əkinçilik və heyvandarlıqdır. Kənd sakinləri deyir ki, əkin sahəsi olmayanlar dolana bilmirlər.

Kənd sakini Böyükağa Vəkil oğlu Əliyevin sözlərinə görə, Bakıya gəlib iş tapmaqda çətinlik çəkir, kənddə əlavə iş yeri, məşğuliyyət yoxdur. Doğma kəndində torpaq götürüb təsərrüfatla məşğul olmaq, dolanmaq istəyir. Bunun üçün aylardır bələdiyyəyə müraciət etsə də, nəticəsi yoxdur:

«Bələdiyyənin balansında hektarlarla boş torpaq sahəsi var. 42,5 hektar torpaq icarəyə götürüb, təsərrüfatla məşğul olmaq istəyirəm, rüsumu ödəməyə hazıram. Amma bələdiyyə sədri Allahverdi Zeynalov aylardır müxtəlif bəhanələrlə müraciətimə cavab vermir. Dəfələrlə rayon icra hakimiyyətinin rəhbər şəxslərinin qəbulunda olmuşam. Ümumiyyətlə müraciət etmədiyim qurum qalmayıb”.

Kənd sakinləri deyir ki, Allahverdi Zeynalov 20 ildir kənd bələdiyyəsinin sədridir. Ona edilən müraciətlərə baxmayaraq, cavanlara kənddə işləmək üçün şərait yaradılmır: “Sahələr boş saxlanılır, halbuki onları əkib-becərməklə onlarla adam işlə təmin olunar», - Böyükağa Əliyev deyir.

Şikayətçi bildirib ki, kənddə əsasən arpa, pambıq əkilir, torpağı olmayanlar təsərrüfatlarda günəmuzd çalışırlar.

Sakinlərin problemilə bağlı bələdiyyə sədrindən deyilənlərə münasibət öyrənə bilmədik. Allahverdi Zeynalov telefon zənginə cavab vermədi.

Biləsuvar Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, edilən şikayət araşdırılıb: «İcra hakimiyyətinə edilən müraciətlər araşdırılır və uyğun cavablar verilir. Yəqin ki, vətəndaşa da müraciət üzrə cavab göndərilib».

cvbcvbq

 




0.30663394927979