Yol polisi siqnala görə sürücüdən 1000 manat istədi: Sürücü Daxili İşlər Nazirinə müraciət ünvanladı

Yol polisi siqnala görə sürücüdən 1000 manat istədi: Sürücü Daxili İşlər Nazirinə müraciət ünvanladı
13:33 25-02-2021 | icon 13755

Vətəndaş Taleh Əliyev yol polisi tərəfindən təhqir olduğunu, ona qarşı zorakılıq edildiyini və polisin min manat rüşvət alıması ilə bağlı MillətinSəsi.info saytının redaksiyasına şikayət məktubu göndərib.

Şikayətçi vətəndaş Taleh Əliyev yol polisinin ona qarşı etdiyi zorakılıq, təhqir və min manat rüşvət alması ilə bağlı Daxili İşlər Naziri cənab Vilayət Eyvazova da müraciət edib. 

Şikayətçi vətəndaş Taleh Əliyevin müraciətini olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

Hörmətli, cənab Nazir,

Dəyərli vaxtınızı alaraq Sizə müraciət etməyimə zərurət yaradan polis təhqirlərinə, zorakılığına və rüşvətxorluğuna məruz qalmağımdır.

Mən Nizami rayonunda şirniyyat sexində işləyirəm. Bu ilin fevral ayının 18-də, saat 22:00-da mənə məxsus 90-VE-105 dövlət qeydiyyat nişanlı avtomaşın ilə evimə gedərkən Nimami rayonunun M.Əliyev küçəsində qarşıdan əks istiqamətdə gələn 99 YP 279 dövlət qeydiyyat nişanlı yol polisi avtomaşınına baş verə biləcək yol qəzasının qarşısını almaq üçün səs siqnalından istifadə etmək məcburiyyətində qaldım.

Polis avtomaşını saxladı, iki nəfər polis əməkdaşı avtomaşından yerə enərək yaxınlaşdı. Baş serjant Bayramov Asifbəy İlham oğlu və Musayev İqrar Himayət oğlu məndən soruşdular ki, hansı səbəbdən siqnal verirsən, bizi ələ salırsan, yoxsa bizə istehza edirsən?

Mən onlara bildirdim ki, məni kiminləsə səhf salmayın, mən ismətli bir ailədə böyüyüb boya-başa çatmışam, Sizlərin düşündüyünüz adamlardan deyiləm. Baş serjant Asifbəy Bayramov mobil telefonu ilə kiminləsə danışdı, ona dedilər ki, 1000 (min) manat alın, buraxın getsin. Mən onlara izah elədim ki, mənim heç bir təqsirim, eləcə də pulum yoxdur.

Belə olan halda onlar Post Patrul xidməti əməkdaşlarını köməyə çağırıb deyilənləri saxta ittihamlarla sənədləşdirib məni Nizami rayonunun 23-cü polis bölməsinə gətirdilər.

Bir faktı qeyd etmək vacibdir ki, mənim həbs edilməyim məqsədilə qondarma ittihamlarla, zəngin protokol tərtib edərək qeyd ediblər ki, guya mənim həmin an tibbi maskam olmayıb.

Halbuki onların özlərinin maskaları yox idi.

Cənab, nazir Vilayət Eyvazov!

Mən şirniyyat sexində işləyirəm. Hər gün işə gedəndə hər bir işçiyə həm maska verirlər həm də əlcək, həmin mament mənim cibimdə də ehtiyat maskam var idi.

Hörmətli, cənab Nazir,

Mənə heç bir günahı olmayan günahkar damğası vurub məni bir gecə sübhə qədər bölmədə saxladılar. Telefonumu təhfil verəndə xahiş elədim ki, icazə verin, valideynlərimə başıma gələnlər barədə məlumat verim narahat olmasınlar. Lakin onlar imkan vermədilər.

Təsəvvür edin ki, valideynlərim, doğmalarım həmin gecə səhərə qədər məni axtarıblar. İki polis əməkdaşının rüşvətxorluğu ailəmizə cəhənnəm əzabı yaşadıb. Ertəsi gün, yəni fevral ayının 19-da Nizami rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə baş tutan iclası məni zaldan dərhal azadlığa buraxdı.

Məni ən çox narahat edən və yandırıb yaxan regionçuluqdur. Onlar mənim Naxçıvanlı olduğumu bildikdən sonra daha da aqressivləşdilər və dedilər ki, Naxçıvanlı olmasaydın səni buraxardıq. Əfsuslar ki, Naxçıvanlısan get istirahət elə! Ən böyük faciəmiz xalqımızı regionlara, zümrələrə bölməyimizdir.

Qeyd etmək yerinə düşər ki, atam gedib baş serjant Asifbəy Bayramovla görüşüb, onunla söhbət edib. Serjant atama deyib ki, hara istəyirsən get şikayət elə!

Görürsünüzmü cənab Nazir, sosial narazılıq yaradan, dövlətçiliyimizi sarsıdan bax belə qanunsuzluqlar, özbaşınalıqlar, rüşvətxorluq və zorakılıqlardır. Çox qəribədir, gülməlidir, bir siqnal 1000 manat.

Hörmətli, Vilayət müəllim,

Siz Daxili İşlər Orqanlarında mümkün olduğundan da artıq islahatlar aparırsınız.  Ən savadlı, sanballı, nüfuzlu kadrları vəzifələrə gətirir və onlara sosial ədalət prinsiplərinə ciddi əməl etməyi tövsiyə edirsiniz.

Bütün bunlara baxmayaraq qarşıda Sizi çox ciddi islahatlar gözləyir. Gözləmədiyim halda başıma gələn müsibətin araşdırılmasına təqsirkarların layiq olduqları cəza almağına göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirəm.

Qoy Ulu Yaradanımız ictimai-siyasi sabitliyinizin həmişəyaşar olması və xalqımızın əmin-arxayın yaşaması naminə Sizi hifz etsin, cənab Nazir!

Səmimi hörmətlə:
Taleh Əliyev 
zərərçəkən

P.S. Vətəndaş Taleh Əliyevin şikayəti ilə bağlı adları çəkilən yol polis əməkdaşları ilə əlaqə saxlamağa çalışsaqda, bu mümkün olmadı. Qarşı tərəfində münasibətin ictimailəşdirməyə hazırıq.




0.43070101737976