Milli Məclis Məhkəmə-Hüquq Şurasına üzv təyin etdi

Milli Məclis Məhkəmə-Hüquq Şurasına üzv təyin etdi
12:00 23-02-2021 | icon 99

Milli Məclisin iclasında Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilməsi məsələsinə baxılıb. milletinsesi.info-ın məlumatına əsasən, deputat Nizami Səfərov səsvermə ilə Şuranın üzvü təyin olunub. 

O, bu vəzifədə Milli Məclisin digər deputatı Ziyafət Əsgərovu əvəzləyib. 

Məhkəmə-Hüquq Şurasının üzvləri 5 il müddətinə səlahiyyətli olurlar.

13 üzvü olan Şuranın sədri yarandığı vaxtdan – 2005-ci ildən ədliyyə naziri Fikrət Məmmədovdur.

Hazırkı üzvlər Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin deputatı Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Sumqayıt Kommersiya Məhkəməsinin sədri Xəqani Tağıyev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və Baş prokurorun müavini Heydər Məmmədovdur.

2005-ci ildən fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.