Hansı qaz sayğacları yenidən istifadə edilə bilər?

Hansı qaz sayğacları yenidən istifadə edilə bilər?
11:14 23-02-2021 | icon 58

Ölkə ərazisində dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz sayğaclarından istifadə edilir.

Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məlumat verilib. 

Son zamanlar smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəz edilməsi ilə bağlı yayılan məlumatların istehlakçılarda narahatlığa səbəb olması ilə bağlı bildirilib ki, quraşdırılmamışdan əvvəl hər bir sayğacın metroloji qayda və normalara uyğunluğu dövlət xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılır və yoxlamadan keçirilən sayğacların tipi təsdiq olunaraq dövlət reyestrinə daxil edilir:

“Mövcud qayda və standartların tələblərinə əsasən, istismarda olan sənaye qaz cihazları üç ildə bir dəfə, məişət qaz sayğacları isə beş ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, birliyin Metrologiya Departamentinə təqdim edilir. Qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacının əvəzinə başqa sayğac quraşdırılır.

Sayğacların dövri yoxlanması texniki cəhətdən yararsız sayğacların istismardan kənarlaşdırılmasını təmin edir, eyni zamanda istehlakın həcmini dəqiq müəyyən etməyə və itkilərin qarşısını almağa imkan yaradır. Yoxlama nəticəsində istismara yararlılığı müəyyən olunan sayğaclar yenidən istifadə oluna bilər”.