Azərbaycana Rusiyadan iki nəfər ekstradisiya edilib

Azərbaycana Rusiyadan iki nəfər ekstradisiya edilib
16:00 27-01-2021 | icon 740

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə sorğular edilib. 

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynov Sadiq Telman oğlunun - 2012-2013-cü illər ərzində Şamaxı şəhərində digər şəxslərlə əlbir olaraq 2 şəxsi öldürməyə cəhd etməsinə, Şamaxı şəhərində oğurluq və xuliqanlıq cinayətlərini törətməsinə və həmçinin 26.03.2013-cü il tarixdə istintaq təcridxanasında saxlanıldığı zaman qadağan olunmuş əşya olan mobil telefondan istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Eləcə də Yasamal rayon Polis İdarəsinin İstintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məmmədov Əhməd İbrahim oğlunun – 2014-cü il ərzində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib. Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Sadiq Hüseynov və Əhməd Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya ediliblər.