Dövlət Vergi Xidmətinin rəis müavini Vergi Məcəlləsinə dəyişiklikləri şərh edib

Dövlət Vergi Xidmətinin rəis müavini Vergi Məcəlləsinə dəyişiklikləri şərh edib
15:49 27-01-2021 | icon 91

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Komitə sədri Tahir Mirkişili qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqaməti ƏDV-dən müvəqqəti azad olması nəzərdə tutulmuş bir sıra mallar (işlər, xidmətlər) üzrə vergi güzəşti müddətinin uzadılmasıdır.  

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qanun layihəsinə  təklif olunan dəyişikliklərin mahiyyəti barədə geniş məlumat verib. O bildirib ki, Məcəllədə buğdanın, buğda ununun və çörəyin idxalı, satışı və istehsalı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdi. Bu azadolmanın müddəti 1 yanvar 2021-ci il tarixdə bitir. Layihəyə  əsasən, bu mallara tətbiq olunan ƏDV-dən azadolmanın daha 1 il müddətinə artırılması təklif olunur. Həmçinin, kəpəyin istehsalı və satışına tətbiq edilən, 2021-ci il mart ayının 1-ə qədər qüvvədə olan azadolmanın heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi  məqsədi ilə daha 1 il müddətinə uzadılması nəzərdə  tutulub.

Samirə Musayeva bildirib ki, sənədə əsasən  ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azadolma müddəti 1 yanvar 2020-ci ildə bitib.  Bu proseslər hazırda da davam etdiyindən azadolma müddətinin  daha 2 il müddətinə uzadılması məqbul hesab edilir. Eyni zamanda, publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi üzrə ƏDV-dən azadolma müddəti daha 1 il müddətinə artırılır.  

DVX-nın rəis müavini zərgərlik sənayesində islahatların aparılması ilə bağlı bu sahədə aparılan azadolmaları da ətraflı izah edib. Qeyd edilib ki, zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi məqsədilə onların aksizdən azadolma müddətinin daha 3 il artırılması nəzərdə tutulur.

Samirə Musayeva bildirib ki, uzun illər erməni işğalında olan Azərbaycanın Kəlbəcər rayonun işğaldan azad edildiyini və böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alsaq, sözügedən vergi güzəştləri burada mövcud olan qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin edə biləcək. O vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin artırılması mərhələli şəkildə nəzərdə tutulur. Bu artırılmanın istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır.

Samirə Musayeva  çıxışında tütün məmulatlarının aksizli malların  siyahısına  daxil edilməsi ilə bağlı məlumatları da təqdim edib. Bildirilib ki, bu məhsulların aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində ölkəmizdə ümumi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10 618 080 ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə görə 8 538 977 ədədə qədər  azalma  müşahidə olunub. Tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin ödənişləri 2017-ci il üzrə 87 909 200 manat,  2020-ci ilin yanvar-noyabr ayları üzrə 473 554 500 manat təşkil edib.

Bu baxımdan səhiyyə  təşkilatlarının tövsiyələri əsasında  sağlamlığa zərər verən məhsulların istehlakının azaldılması üçün tütün məmulatlarının istehsalı və idxalı üzrə aksiz dərəcələrinin artırılması, bu məhsulların  (trubka tütünü, çəkmə, çeynəmə, sovurma, iyləmə tütünləri, bütün növ qəlyanlar üçün nəzərdə tutulan, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün məhsulları) aksizli malların siyahısına daxil edilməsi təklif edilib.

Qanun layihəsinin müzakirəsi  zamanı çıxış edən komitə üzvləri Ziyad Səmədzadə, Əli Məsimli, Vüqar Bayramov, Anar Məmmədov, Mahir Abbaszadə, İqbal Məmmədov Məcəlləyə təklif olunan dəyişikliklər barədə fikirlərini bildiriblər.

Komitə sədri Tahir Mirkişili, DVX-nın rəis müavini Samirə Musayeva, DVX Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elvin Camalov millət  vəkillərini maraqlandıran suallara aydınlıq gətiriblər.

Ətraflı müzakirələrdən sonra qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına baxılmaq üçün tövsiyə edilməsi qərara alınıb.