Türkiyədəki təhsilini yarımçıq qoydu, Vətən müharibəsinin igidlərində oldu 

Türkiyədəki təhsilini yarımçıq qoydu, Vətən müharibəsinin igidlərində oldu 
15:14 27-01-2021 | icon 134

Vətən müharibəsinin iştirakçılarından biri də Türkiyənin Aydın Universitetinin II kursunda təhsil alan Fariz İmanovdur.

milletinsesi.info “Azərbaycan Ordusu” qəzetinə istinadən xəbər verir ki, F.İmanov təhsilini dondurub, hərbi xidmətə yollanıb.

O, ötən ilin yazında hərbi xidmətə gedəndə babasına, atasına deyib ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşlərdə iştirak edəcək.  

Nəhayət Vətən müharibəsində Fariz İmanovun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olunur.

Hərbi xidmətdə hər əsgərin hərbi ixtisası olur. Gənc əsgərlərin hazırlığı kursunda Fariz İmanov qumbaraatan ixtisasına yiyələnir. Kənd mühitinə də, atıcılığa da yaxşı bələd olub. Bu bələdlik Vətən müharibəsində nə qədər gərəkli olacaqmış! Döyüş hazırlığı məşğələsində Fariz zabitdən soruşub: “Bu silah döyüşdə hansı gücə malikdir?” Zabit gülümsünür: “Onun gücünü döyüşəndə, düşməni məhv edəndə özün görəcəksən. Sənin döyüş əzmin, qələbə ruhun silahının gücündən daha güclü olmalıdır, İmanov...”

Digər əsgər yoldaşları kimi əsgər Fariz İmanovun da döyüş əzmi, qələbə ruhu “Vətən!”deyirdi, “Qələbə!” deyirdi. Bütün əsgərlərin bu səviyyədə döyüş əzmi, bu səviyyədə qələbə ruhu ordunun gücünə dönmüşdü, Vətən müharibəsində çılğınlıqla kükrəmişdi...

Vətən müharibəsinin ilk günlərində düşmən bir qədər müqavimət göstərə bilirdi. Azərbaycan Ordusunun gücü, qüdrəti düşmənin müdafiə səddini darmadağın edir. Suqovuşanın ermənisizləşdirilməsi düşmənin müdafiə əzminə, ümumən hərbi gücünə ağır zərbə oldu, döyüşənlərimizin döyüşə sevgisini - döyüş əzmini, qələbə ruhunu daha da artırdı...

Əsgər Fariz İmanov Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir. Döyüşlərin gedişində qumbaraatanın hansı gücə malik olduğunu görür. Onda gülümsünür, əsgər yoldaşının sorğulu baxışlarını hiss edincə, “Qumbaraatanın gücünü özümün gücüm bilirəm. Mən də güclüyəm, mən, yəni, Azərbaycan əsgəri! Azərbaycan əsgərinin gücünə sevginin təbəssümüdü...”

Düşmən müqavimət göstərirdi. Komandir müdafiənin nisbətən ciddi hissəsini müəyyənləşdirən kimi qumbaraatanların həmin ərazini atəşə tutmasını əmr edir. Əsgər Fariz İmanov da daxil olmaqla əsgərlər əmri yüksək dəqiqliklə yerinə yetirirlər. Az sonra düşmən təkcə həmin istiqamətdən deyil, döyüşlər gedən digər mövqelərdən də geri çəkilməyə başlayır. Döyüşü davam etdirən düşməni dəqiq atışlarla səngərdən çıxmağa məcbur edir, qaçan düşməni təqib edirlər.

Oktyabrın 4-də Cəbrayıl işğaldan azad edilir. Suqovuşanda döyüşməsələr də, özlərini bu qələbəni qazananların da sırasında hiss edirlər. Bu, Vətən müharibəsinin mahiyyəti ilə bağlı olan qələbə ruhunun mahiyyətindən irəli gəlirdi. Vətən müharibəsində “mən döyüşdüm” deyən yoxuydu, döyüşçülərin hamısı “biz döyüşdük” deyirdi. Bu deyiliş ordunun şəxsi heyətinin mənəvi kamilliyinin ifadəsi idi.

Füzuli uğrunda döyüşürdülər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bu döyüşlər haqqında deyir: “Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək, bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi...”. Bu döyüşlərdə iştirak edənlərlə söhbətlərdə eşitdiklərim qətiyyətin qüdrətinə, vətənsevərliyin məğlubedilməzlik inancına dönür. Döyüşçülər səmimiyyətlə “Biz döyüş əmrini yerinə yetirdik...” - deyirlər. Döyüş əmri qələbə idi,  “Qələbə qazandıq” - deyirlər. Ali Baş Komandanın Füzuli uğrunda gedən döyüşlər haqqında dedikləri qətiyyətin, Vətən sevgisinin, dövlətə, dövlətçiliyə sədaqətin, döyüş əzminin, qələbə ruhunun ifadəsidi: “... 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək, hələ böyük sual altında idi. Ancaq rəşadətli Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi...”. Bu fikirlər bayraqlaşaraq sonrakı döyüşlərdə döyüşçülərin qələbə ruhunu qələbə həddinə çatdırmışdı.

Onlara elə gəlirdi ki, komandirin əmri ilə başlayacaq döyüş, bu döyüşlə qazanılacaq qələbə Şuşaya aparacaq. Əsgər Fariz İmanov o vaxtlar yazdığı şeiri xatırladı və döyüşçü yoldaşlarına baxdı və  “Mən də sıranızdayam, gedək üzü Şuşaya!” dedi. Kəlmələr az qala çağırışa döndü. Hamısı bu gözəl fikri gözəlliklə təkrarladı.

Belə gərgin, belə ağır döyüşlərdə əsgər Fariz İmanov da vuruşub. Bu döyüşün qalibləri sırasında ona da təşəkkür edilib.

Qubadlı uğrunda döyüşlər gedirdi. Düşmən Suqovuşan, Cəbrayıl, Füzuli məğlubiyyətlərindən sonra olan-qalan gücünü səfərbərliyə almaq, müdafiəni gücləndirmək istəyirdi, bunu bacarmayacağını bilsə də, çarəsiz müdafiənin müddətini uzatmaqla xarici havadarlarının təsirinə bel bağlayırdı. Ancaq unudurdu ki, Vətən müharibəsində Azərbaycan Ordusunun hücumunun qarşısını kəsməyə, qələbə yolunu uzatmağa heç kəsin qüdrəti çatmayacaq...

Döyüş gedirdi. Cəbrayılın, Füzulinin işğaldan azad edilməsi döyüşçülərimizin döyüş sevgisini - döyüş əzmini, qələbə ruhunu kükrətmişdi. Döyüşçülər cəsarətlə vuruşurdular.

Düşmən döyüş üzünə çıxmağa çəkinirdi, qorxurdu. Əvvəlki məğlubiyyətlərin ağrıları düşmənin müdafiə əzmini çilikləmişdi; müdafiə atışları seyrəlmişdi.

Qumbaraatanlar verilmiş koordinatları atəşə tutmuşdu. Əsgər Fariz İmanov növbəti mərmini atışa hazırlamışdı. “Atəş!” əmri verilən anda barmağı tətiyi sıxacaqdı. Həmin anda yaxınlığına mərmi düşdü. Qəlpələr sol ayağını, əlini ağır yaraladı. Atışı davam etdirmək üçün dikəlmək istədi, taqəti çatmadı.

Qəlpələr əlini orta dərəcəli, ayağını ağır dərəcəli yaraladı. Ağcabədidə əməliyyat olundu.

Əsgər Fariz İmanov “Çox darıxıram. Əsgər yoldaşlarımla, döyüşçü yoldaşlarımla döyüşlərdən, qələbədən danışmaq, o sevinci yenidən, bu dəfə birlikdə yaşamaq üçün darıxıram, şəhidlərimizi bu ovqatda, hamılıqla xatırlayacağımız gün üçün darıxıram...” - deyir.

Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə əsgər Fariz İmanov da Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib...
Vətən müharibəsinin iştirakçıları kimi Fariz İmanov da yeniyetmələrə, çağırışçılara döyüşlər haqqında təəssüratlar, xatirələr danışacaq.

Danışılanlar Vətən müharibəsinin tarixi kimi dinləniləcək. Vətən sevgisi dinləyənlərin düşüncələrinin nurunu zərrə misallı da olsa artıracaq.