Muxtar Babayev: “İşğaldan azad edilmiş torpaqların xəritələrinin hazırlanmasına başlanıldı”

Muxtar Babayev: “İşğaldan azad edilmiş torpaqların xəritələrinin hazırlanmasına başlanıldı”
12:21 26-01-2021 | icon 12756

“Hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırılma ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işlərinə başlanılıb”.

Bunu Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir qeyd edib ki, ilkin olaraq, Şuşa şəhəri üzrə hazırlanmış topoqrafik xəritələr və ortofotoplanlar istifadə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

Onu da qeyd edək ki, 26 yanvar - Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “EkoSfera” Sosial-Ekoloji Mərkəz tərəfindən müəllim və məktəblilərlə videoformatda maarifləndirici tədbir keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, ETSN və “EkoSfera”nın təşkilatçılığı ilə hazırlanmış azərbaycan və rus dillərində “Plastik - bizim həyatımızda 5 dərs” adlı metodiki vəsaitin təqdimatı olacaq. Eyni zamanda, nazirliyin mütəxəssisləri tərəfindən tədbir iştirakçılarına Azərbaycan təbiəti, onun qorunması ilə bağlı məlumat və tövsiyələr veriləcək, milli parklar haqqında çəkilmiş film və reportajlar nümayiş etdiriləcək.

Dünya Ekoloji Təhsil Gününün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai diqqəti yönəltmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini vurğulamaqdır.

Müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” adlanan konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır.

Bu günlə bağlı dünyanın bir çox ölkəsində təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət cəlb edilir, ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, “dəyirmi masalar” təşkil olunur.

Ölkəmizdə də “Dünya Ekoloji Təhsil Günü” ilə əlaqədar maarifləndirici vebinarlar keçirilir, xüsusilə məktəblilərin ekoloji dünyagörüşünün formalaşdırılmasına yönələn tədbirlər təşkil olunur.