Qadın ölümündən 10 gün sonra qocalar evinə qayıtdı - FOTO

Qadın ölümündən 10 gün sonra qocalar evinə qayıtdı - FOTO
10:07 26-01-2021 | icon 107

İspaniyalı qadın ölümündən 10 gün sonra qocalar evinə qayıdıb.

“Euro Weelky” nəşrinin məlumatına görə, hadisə Qalisiya muxtar vilayətində qeydə alınıb.

Bildirilir ki, qocalar evinin sakinləri 85 yaşlı Rogelina Blanko və Konsepsion Ariasa COVID-19 diaqnozu qoyulduqdan sonra eyni gündə Orense şəhərindəki xəstəxanaya aparılıblar və eyni palataya yerləşdiriliblər.

Onlardan biri xəstəxanada müalicə zamanı ölüb. Pasiyentin ölümü barədə Blankonun yaxınlarına məlumat verilib. Ertəsi gün qadının dəfn mərasimi təşkil edilib. Koronavirus pandemiyası ilə əlaqədar qoyulmuş məhdudiyyətlər səbəbindən mərhumun yaxınları dəfn mərasimində iştirak edə bilməyiblər.

On gün sonra qocalar evinə qayıdan Blanko əri Ramon başda olmaqla hər kəsi şoka salıb.

“Buna inana bilmirdim. Arvadımın ölüm xəbəri gəldikdən sonra hər gün ağlayırdım”, - deyə kişi bildirib.

Məlum olub ki, əslində xəstəxanada ölən digər xəstə Arias imiş. Onlar xəstəxanaya gətirilərkən qeydiyyatda adları qarışıq düşüb.

Bundan sonra hadisə barədə Ariasın ailəsinə məlumat verilib.