Zəfər Qılıncı

 Zəfər Qılıncı
15:06 13-01-2021 | icon 765

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

Qılınc Qələbə və Rəşadət rəmzidir, döyüş ruhunun, Zəfərin simvoludur.
 
Qılınc xain düşmənə, dinsiz-imansızlara, zalımlara qan udduran silah olmaqla bərabər, Haqqın, Ədalətin, Qələbənin rəmzidir.
 
Əcdadlarımız qılıncı nəsildən-nəslə əmanət edilib evdə saxlayır, and içəndə əyilib öpürdülər. Atadan övlada əmanət edilən bu silah ailənin, torpağın, Vətənin qorunması üçün vəsiyyət edilir və döyüş ruhunun simvolu sayılır.
 
Qılıncın türk xalqlarının və müsəlmanların tarixində və ənənəsində xüsusi bir yeri vardır və bu silah müqəddəs hesab edilir. Türklər öz qılıncını heç kimə etibat etməzlər. Onlar qılınca pusat deyirlər və bunu dövlətin, xalqın şərəfi, qeyrəti və qələbə əzmi ilə bağlayırlar.
 
İslamda müqəddəs sayılan qılınc haqq-ədalət, düzlük, dürüstlük, inam və iman simvolu olub. İmansız, haqqı tapdalayan nadürüst və xain insanların cəzası da qılıncla verilibdir.
 
zefer
 
Çoxəsrlik tariximizdən gələn və qorunub saxlanılan bu müqəddəs ənənənə bu gün də öz əhəmiyyəti ilə seçilir.
 
Vətən müharibəsində müqəddəs Zəfərimizin rəmzlərindən biri də qılıncımız oldu. Silah-sursatsız, Şuşa qalasını fəth edən cəsur igidlərimizin mənfur düşmənin ürəyinə sapladığı xəncər müqəddəs qılıncımızın simvoludur.
 
Şuşa Azərbaycanın mənəvi və mədəniyyətinin paytaxtı olmaqla bərabər, bütün islam ölkələrinin maddi-mənəvi simvolu, zəngin xəzinəsidir. Bu mənada Şuşanın İslam Təhsil, Elm Və Mədəniyyət Təşkilatının (İCESCO) üçün xüsusi bir əhəmiyyəti vardır.
 
Cənab Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə də bəyan etdiyi kimi, ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələ müzakirə olunur və bu mərkəzin Şuşada yerləşməsi ən düzgün seçin ola bilər.
 
İnanmaq lazımdır ki, Qarabağla bağlı hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən İCESCO-nun Şuşada nümayəndəliyi olacaqdır.
 
Yeri gəlmişkən, ICESCO Azərbaycana davamlı dəstək göstərir və maddi mədəniyyət abidələrimizin, zəngin maddi-mənəvi sərvətlərimizin təşviqində ən nüfuzlu qurum kimi dünyada sözünü deyir. İCESCO-nun xoşməramlə səfiri Mehriban xanım Əliyevanın da bu sahədəki yorulmaz fədakar əməyi mühüm əhəmiyyət kəsb edir.
 
Azərbaycanın Ermənistan üzərində qazandığı Qələbə həm də ICESCO-nun qələbəsinin bir parçasıdır. Bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də bəyan etdi. Ermənilərin dini abidələrimizə, məscid və milli dəyərlərimizə qarşı törətdiyi soyqırımın dünyada geniş tanıdılmasında bu təşkilat ən qətiyyətlə fəal iş aparacaq.
 
ICESCO-nun baş direktoru tərəfindən 100-dən çox yaşı olan müqəddəs Qılıncın Yenilməz Ali Baş Komandan İlham Əliyevə təqdim edilməsində də rəmzi məna, Qalibiyyətin fəlsəfəsini özündə birləşdirən dərin bir hikmət vardır. Bu, xain və imansız düşmən üzərində Zəfər Qılıncıdır.