Məcburi köçkün və qaçqınlar üçün yeni evlər, qəsəbələr doğma Qarabağda salınacaq

Məcburi köçkün və qaçqınlar üçün yeni evlər, qəsəbələr doğma Qarabağda salınacaq
17:04 08-01-2021 | icon 183

“Ölkə başçısının qərarına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilən qəsəbələr və hündürmərtəbəli yaşayış binaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. Söhbət 4700-ə yaxın çoxmənzilli qəsəbələrdən və hündürmərtəbəli yaşayış komplekslərindən gedir”.

MillətinSəsi.info-nun məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib. 

Onun sözlərinə görə, həmin qəsəbələr Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu ərazisində, həmçinin, Samux və Lənkəran rayonun ərazisində inşa edilib: “Bu mənzillər artıq istifadəyə hazırdır. Bu yaşayış kompleksləri bütün zəruri olan sosial texniki infrastrukturla təmin edilib, yaşayış üçün tam hazırdırlar”.

F.Hüseynov qeyd edib ki, həmin mənzillərin paylanılma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə verilib: “Bu günə qədər ölkənin 30-dan artıq şəhər və rayonunda qaçqın və məcburi köçkünlər üçün 115 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb”.

Onun sözlərinə görə, 65 min məcburi köçkün və qaçqın ailəsi, yaxud 315 minə yaxın məcburi köçün və qaçqınlar həmin qəsəbələrdə müvəqqəti olaraq yeni mənzillərlə təmin edilib: “Qeyd edilən qəsəbələr dövlətin xüsusi təyinatlı mənzil fonduna aiddir. Onlar məcburi köçkün və qaçqın soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə verilib”.

“Prezident İlham Əliyev tərəfindən keçirilən son müşavirədə deyildiyi kimi, bundan sonra məcburi köçkün və qaçqınlar üçün yeni evlər, qəsəbələr doğma Qarabağda salınacaq. Məcburi köçkün və qaçqınların ləyaqətli, təhlükəsiz şəkildə qayıdışı və yaşamı dövlət tərəfindən ən yüksək səviyyədə təmin olunacaq”, - deyə F.Hüseynov qeyd edib.

Sədr müavini əlavə edib ki, həmin mənzillərin gələcək aqibəti Prezidentin qərarlarına uyğun olaraq icra olunacaq.