“Azərişıq”dan əlil və şəhid ailələrinə “sms sayğac” dələduzluğu

“Azərişıq”dan əlil və şəhid ailələrinə “sms sayğac” dələduzluğu
15:07 16-11-2020 | icon 1803

"Azərişıq” ASC -nin Nərimanov şöbəsinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 46 ünvanında yaşayan əlil və şəhid ailələrinə şişirtmə borc yazıb, karantin dövründə işığı xəbərdarlıq etmədən kəsməsindən sonra imtiyazlı şəxslər yeni dələduzluqla üzləşiblər.

Sözügedən qurum bir neçə gün öncə xəbərdarlıq etmədən sayğacları “sms sayğac”larla dəyişdirib və. .. bəlli olub ki, bu sayğaclar günə 5 manat işıqpulu “yazır”.

Əlil və şəhid ailələrinin 199 qaynar telefon xəttinə zənglərinə cavab olaraq Nərimanov rayon işıq idarəsinə müraciət etməyi məsləhət görülüb. İstənilən halda bir günə 5 manat işıqpulu “yeyən” sayğacların əlil və şəhid ailələrinin “xidmətinə” verilməsi ən azı dələduzluqdur.

Belə çıxır, əlil və ya şəhid ailələri aldıqları Prezident təqaüdünu, pensiyalarını işıqpuluna ödəməlidir? Biz hələ digər xidmətlər üzrə ödənişləri demirik. Əlil və şəhid ailələrinə belə “xidmət”in nədən qaynaqlandığı bilinmir. Bəlkə işıq idarəsi dəyişdirdiyi sayğacın pulunu çıxır? Belədirsə, bu qanunsuzdur. Çünki...

“Elektroenergetika haqqında” 03.04.1998 -ci il tarixli 459-IV saylı Azərbaycan Respublikası qanununu 11-ci maddəsinə və Nazirlər Kabinetinin 02.02.2005 tarixli 18 saylı qərarının 7.9 bəndinə görə, FİZİKİ ŞƏXSLƏRİN SAYĞACLARLA TƏCHİZ EDİLMƏSİ, ONLARIN QURAŞDIRILMASI VƏ DƏYİŞDİRİLMƏSİ ENERJİ TƏCHİZATI MÜƏSSİSƏSİNİN HESABINA HƏYATA KEÇİRİLİR.

Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun – Konstitusiyanın tələbinə əsasən qanunların, NK-nın qərarlarının icrası məcburidir.

Eyni zamanda, heç kəsdən qanunda nəzərdə tutulan məbləğdən artıq ödəniş tələb edilə bilməz.

Deyəsən, “Azərişıq” ASC -nin özünün yazılmayan inhisarçılıq və istehlakçıların hüquqlarını pozma qanun(suzluq)ları ən yüksək hüquqi qüvvəyə malikdir.

Hələ ki...

Məğrur Bədəlsoy