Azərbaycanın hərbi uğurunun sirri: “Minimum itki, maksimum nəticə”

Azərbaycanın hərbi uğurunun sirri: “Minimum itki, maksimum nəticə”
18:28 21-10-2020 | icon 128

Azərbaycan Ordusunun cəbhədən gələn zəfərləri xalqımızı sevindirməkdə davam edir. Üç hərbi nöqtədən edilən hücumlar uğurlu sonluqla yekunlaşır.

Əldə olunan hərbi qələbələrin əsasında Prezident İlham Əliyevin rəhbərliyi və uzun illərdir ki, gərgin zəhməti ilə formalaşmış, ən son texnoloji silahlarla təchiz edilmiş müasir ordu dayanır. Azərbaycan Ordusu hazırda silahlanmanın ən müasir hərbi texnologiyalar əsasında hərbi əməliyyatlar aparır.

Azərbaycan Ordusunun yeni müharibə strategiyası əsgərlərimizin həyatının daha çox qorunmasına, düşmənə bir daha özünə gəlməyə imkan verməyən sarsıdıcı zərbələr vurulmasına imkan verir. Bir sözlə, Azərbaycanın müasir hərbi əməliyyatlarının iş prinsipi budur: minimum itki, maksimum nəticə. Heç bir ay olmamış işğal altında olan 3 böyük rayonun azad olunmasına bu prinsipi artıqlaması ilə doğruldur.

Müasir hərbi texnologiyada ən çox istifadə olunan texnikalar isə PUA kimi tanıdığımız pilotsuz uçuş aparatıdır. Azərbaycan da ikinci Qarabağ müharibəsində məhz bu amilə daha çox diqqət yetirir. Məhz bu texnika vasitəsilə düşmənin yüzlərlə hərbi texnikasını, hərbi yük maşınlarını və döyüş mövqelərini izləmək və həmin obyektlərə sarsıdıcı zərbələr endirmək imkanı əldə etmişik.
Prezidentin dünən açıqladığı statistikaya nəzər salsaq, düşmənin 241 tankı, piyadaların 50 döyüş maşını indiyədək məhv edilib, 39 tank, 24 döyüş maşını hərbi qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu, 198 top, 58 minaatan və 53 tank əleyhinə vasitə məhv edilib, 12 minaatan və 25 qumbaraatan qənimət kimi ələ keçirilib. 70 “Qrad” qurğusu, 2 “Uraqan”, 2 YARS, 1 TOS, 4 “S-300” zenit-raket kompleksi, 3 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 5 KUB və KRUQ zenit-raket kompleksləri məhv edilib. 6 pilotsuz uçuş aparatı, 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, 1 ballistik raket, 1 “Toçka-U” raketi, 8 radioelektron mübarizə vasitəsi darmadağın olunub. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri olub. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.

Azərbaycan ötən müddətdə ildən-ilə hərbi büdcəsini məqsədyönlü şəkildə artırıb, bu dövr ərzində Azərbaycan xalqı hərbi büdcənin artmasına öz dəstəyini və töhfəsini verib. Bu gün döyüş meydanında hər bir vətəndaş formalaşdırılmış hərbi büdcənin bəhrəsini görür, özünün bu prosesdə bilavasitə iştirakına sevinir. Bu gün Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatı, döyüş imkanları, peşəkarlıq səviyyəsi və qələbə əzmi o səviyyədədir ki, Ali Baş Komandanın bütün döyüş tapşırıqları uğurla icra edilir.

Artıq Azərbaycan Ordusunun müasir döyüş strategiyasına hərbi aləmdə yeni təcrübə kimi yanaşılır, bu sahədə də Azərbaycan standartları öyrənilir. ABŞ ordusunun Quru Qoşunlarının Baş qərargah rəisi, ordu generalı Ceyms MakKonvilin mətbuata verdiyi açıqlamadan da bunu görmək mümkündür. O bildirib ki, Azərbaycanın Qarabağda apardığı müharibə öyrənilməsi və gələcək doktrinaların, taktikaların dəyişdirilməsi baxımından əhəmiyyət daşıyır.

“Azərbaycanlıların taktikası dünyanın ordu təmsilçilərini tankların döyüşdə asan hədəf olması, ləng hərəkət etməsi və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitəsi olması ilə bağlı düşünməyə vadar edir”, - deyə general bildirib.

Azərbaycan 15 il ərzində hərbi texnikasını beynəlxalq konvensiyalara uyğun olaraq artırıb və heç bir normaları pozmayıb. Ona görə də hər hansısa bir dövlət Azərbaycanın hərbi formada güclənməsinə indiyədək səs çıxarmayıb. Və ən əsası Ordumuz bütün bu texnikalara düşmən ölkədən fərqli olaraq müəyyən pul xərcləməklə yiyələnib.

Nikol Paşinyanın və ondan əvvəlki prezidentlər isə həm siyasi, həm iqtisadi, həm də hərbi miqyasda ciddi uğura nail ola bilməyib. Ümumiyyətlə, düşmən ölkənin ümidlərinin nəyə qaldığını görəndə hər şeyi başa düşmək olur. Dağlıq Qarabağa alman nasistləri olan “Almaniya üçün Alternativ” (AfD) partiyasının üzvlərini dəvət edən Ermənistan rəhbərliyi ümidləri tükənmiş görünür. Ümid edirlər ki, bəlkə Almaniya Bundestaqı Azərbaycanın hərbdəki uğurlarını dayandırmaq üçün nəsə edər. Amma Kim Kardaşyan kimi pornoaktrisaya bel bağlayan dövlətin indidən sonra bütün cəhdləri faydasızdır.

Ölkə başçısından sitat gətirək: “Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik”. Bu cümlələr Azərbaycanın artıq Qarabağ  münaqişəsində üstünlüyünü artıqlamasıyla göstərir. İndidən sonra danışıqlar olsa belə, Azərbaycanın istədiyi şərtlər qəbul edilməlidir. Bunu Ali Baş Komandanımız, rəşadətli Ordumuz, müasir hərbi texnologiyamız deyir.

Səbuhi Musayev